Gimnastlarımız onlayn turnirdə

Koronavirusa görə yarışların keçirilmədiyi dövrdə Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandaları onlayn yarış təşkil edəcəklər. Allsport.az xəbər verir ki, bu gün – iyunun 18-də baş tutacaq yarışın təşkilində məqsəd hazırda turnirlərin keçirilmədiyi bir zamanda gimnastların yenidən yarış əhval-ruhiyyəsini hiss etmələri, maraqlı zaman keçirərək əylənmələri, 2 ölkənin komandaları arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsidir.

“Battle” adlanan yarışda hər iki ölkənin Tokio-2020 yay olimpiya oyunlarına lisenziya qazanmış komandaları iştirak edəcək. Hər iki tərəfdən bir komanda yarış zamanı gücünü sınayacaq.

Azərbaycan komandası milli şirniyyatımızın şərəfinə “Paxlava” adlandırılıb. İsrail komandası isə bu ölkənin məşhur qəlyanaltısının şərəfinə “Bamba” adı ilə yarışa qatılacaq.

Yarış zamanı gimnastlar bir neçə estafet oyununda iştirak edəcəklər. Oyunlararası zamanda isə komandaların üzvləri bədii gimnastika alətləri ilə müxtəlif tapşırıqlar nümayiş etdirəcəklər. Yarışın sonunda komandalara bədii gimnastikaya aid 10 sual veriləcək və onlar 2 dəqiqə ərzində sualları cavablandırmalı olacaqlar. Qalib komandanı maraqlı sürpriz gözləyir.

Yarış Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Onlayn turnir Azərbaycan gimnastika federasiyasının “Facebook”, həm də “YouTube” səhifələrində canlı yayımlanacaq.

Həmin kateqoriyadan