“İkinci qolda hakim səhv qərar qəbul etdi”

Futzal üzrə Azərbaycan komandasının baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Bakı idman sarayında İsveç yığması ilə keçirilən oyundan (3:3) sonra açıqlama verib.

Allsport.az xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu göstərə bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı. İkinci hissədə daha yaxşı çıxış etdik. Uşaqların oyununu bəyəndim. Qol epizodlarından istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdır. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu görüşdə qələbəyə layiq idik”.

Baş məşqçi yeni komanda qurduqlarını deyib: “Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz kifayət qədərdir. Heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyeralarını başa vuracaqlar. Ona görə də gəncləri tapmalı, onları öyrətməliyik”.

Həmin kateqoriyadan