- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək millimiz hazırlığını Kişinyovda davam etdirir. Allsport.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva axşam çalışmasından sonra azfutzal.az-a açıqlama verib:
“Atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki, yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir.
İlk üç oyunda iki “4-lük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”. Alesio bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: “Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğuna görə, əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq.
Cəmi 3 gün əvvəl qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik.
Kişinyovda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız otel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.