- Baxış sayı: 30
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Aprelin 10-da milli gimnastika arenasında aerobika gimnastikası üzrə 2-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.
Allsport.az xəbər verir ki, 8-10 yaşlı gimnastlarla çalışan məşqçilər üçün nəzərdə tutulan kurslarda “Ocaq Sport” klubunu təmsil edən və müstəqil şəkildə fəaliyyət göstərən 9 məşqçi iştirak edir. Bolqarıstanlı beynəlxalq dərəcəli mütəxəssis Desislava Boquşevanın rəhbərliyi altında keçirilən kurslarda birinci mərhələni uğurla başa vurmuş məşqçilər iştirak edirlər.
Kursların nəzəri və təcrübi hissəsi aerobika gimnastikasında addımların quruluşu, artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, çətinlik elementlərinin metodologiyası, xoreoqrafiya, tibb, psixologiya və s. mövzularını əhatə edir.
Aprelin 12-ə qədər davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər.
Kurs iştirakçıları bundan əvvəl Azərbaycan gimnastika federasiyasının (AGF) tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.
Məlumat üçün bildirək ki, AGF-nin tədris saytı ötən il federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan gimnastika federasiyası” ictimai birliyinin məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq istifadəyə verilib.
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.