Nurlanə Məmmədzadə AGF-in yeni baş katibi olub

Gimnastika federasiyasının icra komitəsinin 30-cu toplantısında yeni baş katib seçilib. Allsport.az saytı xəbər verir ki, öncə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Tədbir zamanı, gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqqında məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən gələcək planlar müzakirə edilib.

Həmçinin yığıncaqda gimnastların lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqqında əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib.

İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin illik hesabatları da dinlənilib.

Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlanə Məmmədzadə seçilib.

O, 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.

Həmin kateqoriyadan