- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
18-19 fevralda Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq. Yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri keçiriləcək.
Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcəklər.
Ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir – dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə təşkil olunacaq. Gimnastika yarışlarının daim yüksək səviyyədə təşkil olunması bu mötəbər turnirlərin də bir çox yeniliklərlə yadda qalacağını deməyə əsas verir.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələrdə və fləşmoblarda da iştirak edə biləcəklər.
Kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) mötəbər yarışda yer alacaqlar.
Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar məharətlərini nümayiş etdirəcəklər.