LAYİHƏ
Şərif Şərifov: Böyük yarışlardan bir az uzaqlaşmağım Rio-2016-da öz işini gördü

Olimpiya çempionu Şərif Şərifov (86 kq) ötən uğurunu Rio-2016-da təkrarlaya bilmədi. Ola bilsin, yarımfinalda önünə Abdulrəşid Sadullayev çıxmasaydı, finalı vardı. Etiraf edim ki, bu oyunlarda «Rus tankı» qarşısıalınmaz idi. Sonda çempion elə özü oldu. Sərbəst güləşçimiz bürünc medala kifayətləndi. Buna da şükür. Allsport.az saytna müsahibəsində durumundan gileylənmədi.

– Rioya qızıl medal üçün yolanmışdım. Təəssüf ki, istəyim alınmadı. Yarımfinal görüşündə ilk hissədə rəqibə 6 xal verdim, sonra toparlana bilmədim. Çəkimi dəyişmək barədə düşünmürəm, 86 kq-da güləşmək mənə daha rahatdır.

Ötən dəfə qızıl, bu dəfə bürünc medal. Demək, hazırlığını yüksək səviyyəyə çatdıra bilməmişdin

– Xeyr, Rio oyunlarına da yaxşı hazırlaşmışdım. O qədər təlim-məşq toplanışında olduq ki, bu 4 ildə vaxtın hardan gəlib-getdiyini hiss etmədim. İndinin özündə də inanmağım gəlmir ki, artıq olimpiada arxada qalıb. 3-cü yer tutmağımı pis nəticə saymıram. Demək olar, hər çəkidə medal qazandıq. Komanda üzvlərinin yalnız qızıl medalı hədəfləmişdilər.

Bəs onda bunu gerçəkləşdirməyə mane oldu?

– Hamının adından danışa bilmərəm. Özümə gəlincə, çoxdandır güləşmirdim. Ötən il dünya, bu il Avropa çempionatlarını buraxdım. Böyük yarışlarda bir qədər uzaqlaşmışdım. Təbii, bu amillər yekunda öz təsirini göstərdi.

Üstəlik, sona qədər Rio-2016-da iştirakınız sual altında idi. Çünki olimpiadaya lisenziyanı Məhəmmədhacı Xatiyev qazanmışdı.

– Bəli, bizdə mübahisəli durum vardı. Qərara alındı ki, təkbətək görüş olsun. Amma sonda, yenə mənim heyətə düşməyim məqsədəuyğun sayıldı. Üstəlik, komanda yoldaşım olimpiada ərəfəsində çiynindən zədələnmişdi. Hamını qızıl medalla sevindirmək istəyirdim. Bizi burada çox təm-təraqlı qarşıladılar. Bunu təşkil edənlərin hamısına təşəkkürümü bildirirəm.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan