- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 41
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya yığmasını 4:1 hesabı ilə məğlub edən futzal millimiz fevralın 2-də Afinada Yunanıstan komandası ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, yığmanın üzvü Xətai Bağırov azfutzal.az saytına açıqlamasında həm Slovakiya ilə oyuna toxunub, həm də səhvləri qeyd edib:
“Birinci oyun hər zaman çətin keçir. Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Otən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.
Özünün real qol epizodlarını reallaşdıra bilməməsini isə belə izah edib: “Elə mənim qol vurmaq üçün iki yüzfaizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Oyunla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib olan qələbə qazanmaq idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik”.
Yunanıstanla oyun haqda da fikirlərini bölüşən hücumçu bunları deyib: “Uğurlu başlanğıcın davamını Yunanıstanda gətirməliyik. Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib: “Məşqlərimizi davam etdirməliyik. Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu “Araz”ın timsalında yaşadıq. Noyabrda reytində və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq”.