10-cu açıq “Arpaçay” yarışı

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, turnir Bakı şəhər gənclər və idman idarəsi ilə Azərbaycan karate federasiyasının (AKF) birgə təşkilatçılığı ilə 17-19 yanvarda baş tutub.

Açılış mərasimində çıxış edən AKF-nin vitse-prezidenti Rəhman Hətəmov, milli məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İsgəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük 2-ci Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar. Sonra tədbirdə qonaqlara hədiyyə və fəxri diplomların təqdim olunması mərasimi keçirilib.

Mərasimin bədii hissəsində, “Öncə Vətən” ictimai birliyinin rəhbəri Fərahim Sadiqin və müdafiə nazirliyinin hərbi orkestrinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim edilib.

Sonda çıxış edən “Arpaçay” karate klubunun rəhbəri Yavər Hüseynov göstərdikləri hərtərəfli dəstəyə görə AKF-nin prezidenti, milli məclisin üzvü Ülvi Quliyevə, Bakı idman sarayının direktoru Əli Əsgərova, idman klubları və ictimai birliklərin rəhbərlərinə, hakimlərə, məşqçilərə, idmançılara və bütün tədbir iştirakçılarına təşəkkür və minnətdarlığını çatdırıb.

Yarışda Bakı, Sumqayıt və regionlar daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.

65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətiinin idman klubu isə üçüncü olub.

Həmin kateqoriyadan