- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan qadınlardan ibarət əsas millimizin üzvü Günay Məmmədzadə mətbuat xidmətinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 16 yaşlı şətrəncçi ilk növbədə, doğma divarlar arasında oynamağın üstünlüklərindən danışıb: “Buna qədər bir çox turnirlərdə oynasam da, əsas milli komandamızın heyətində olimpiadada debüt etdim. Belə mötəbər turnirdə ilk dəfə çıxış etsəm də, həyəcan yoxdur. Olimpiadanın Bakıda keçirilməsi məsuliyyətdir. Evdə oynamağımız bizi görüşlərə daha yaxşı motivasiya edir”.
Olimpiadanın 3-cü turunda qadınlardan ibarət əsas millimiz güclü Polşa yığmasını məğlub edib. Bu qələbədə Günay Məmmədzadənin rolu böyükdür. Çünki başa çatan ilk iki partiyadan sonra yığmamız hesabda geri olsa da, məhz ikinci lövhədə yarışan gənc şahmatçının qələbəsi sayəsində ümumi nəticədə bərabərlik yaranıb: “Rəqibim reytinqdə məndən üstün idi. Buna qədər heç vaxt qarşılaşmamışdıq. Debütdə üstünliyə yiyələnə bilmədim. Rəqibin vəziyyəti daha yaxşı idi. Lakin polşalı şahmatçı sonradan səhv etdi. Bundan sonra qurduğum planımı reallaşdırdım. 19-20-ci gedişdən sonra daha rahat oynadım. Çünki üstünlük artıq mənim tərəfimdə idi. Rəqib məğlubiyyətdən qaçmağa çalışsa da, buna imkan vermədim”.
Günay Məmmədzadə bildirib ki, görüşlər zamanı komanda yoldaşlarının da çıxışlarını diqqətdə saxlayır: “Çalışıram komanda yoldaşlarımın nəticələrindən də xəbərdar olum. Bu, fikrimi yayındırmır. Digər yarışlardan fərqli olaraq, olimpiadada kənarda xeyli idmançı gəzir. Lakin bu məqam oyunuma təsir göstərmir. Əksinə, Bakıda keçirilən olimpiadada zalda daha çox sakitçilik olur. Bu da düzgün tərtibatdan irəli gəlir. Turnirdə hər şey yaxşıdır”.
16 yaşlı idmançı komandamızın turnirdəki perspektivi barədə dəqiq proqnoz vermək istəməyib: “Gələcək haqqında heç bir şey deyə bilmərəm. İnanıram ki, gücümüz çatan qədər mübarizə aparacağıq. Olimpiada Bakıda keçirildiyindən biz də mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq. Hələ ki qələbə qazanırıq. 3-cü turda güclü Polşa yığmasına qalib gəldik. Bu komanda ilə heç-heçə də yaxşı nəticə hesab olunacaqdı. Sevindirici haldır ki, komandamızın aparıcı üzvü Zeynəb Məmmədyarova sonda rəqibdən üstün oldu. Belədə ümumi nəticədə də qələbə qazandıq”.