Triatlon üzrə yerli texniki rəsmi şəxslər üçün təlim

Növbəti ilin yayında keçiriləcək ilk Avropa Oyunları ərəfəsində triatlon növü üzrə yerli texniki rəsmi şəxslər üçün təlim keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 gün ərzində ümumilikdə 21 nəfər norma və qaydalarının bütün cəhətlərini öyrənmiş və günortadan sonra Tofiq Bəhramov Stadionunda baş tutmuş praktik məşqə qatılıblar.

Bakı 2015-də bu idman növündə cəmdə 660-dan çox yerli və təxminən 1000 nəfər beynəlxalq texniki Rəsmi şəxsin iştirakı lazımdır. Velosiped idmanı, gimnastika, taekvondo və güləş üzrə rəsmi şəxslər işləmək üçün bu il paytaxta səfər etmiş, geniş praktik seminarlarda iştirak ediblər.

Bakı-2015-in Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Bu kurslar bizə yerli texniki rəsmi şəxslərə təlim keçmək imkanı təklif edir və Avropa Oyunlarının özündən sonra qoyacağı bəşəri irsin son dərəcə mühüm hissəsini təşkil edir. Biz Bakı-2015-dən sonra Azərbaycanın idman sahəsində peşəkarlığın səviyyəsinin artmasını istəyirik və bu, texniki rəsmi şəxslərdən ibarət yeni nəsli maarifləndirmək üçün əla imkandır. Bakı şəhərinə səfər edəcək rəsmi şəxslər dünyanın ən yaxşıları arasındadır və onların köməyi sayəsində Bakı 2015 Avropa Oyunlarının gələcəkdə keçiriləcək Avropa Oyunları üçün mükəmməllik etalonuna çevriləcəyinə inanırıq”.

Azərbaycan Triatlon Federasiyasının nümayəndələri də yerli texniki rəsmi şəxslər ilə danışmaq və öz idman növləri haqqında daha ətraflı məlumat vermək üçün tədbirdə iştirak ediblər. Bir il əvvəl yaradılmasına baxmayaraq, ATF Avropa Oyunlarından sonra qalacaq irsi formalaşdırması baxımından nəzərəçarpacaq irəliləyişlər qazanıb.

Triatlon yarışları Avropa Oyunlarının ilk həftəsində keçiriləcək və qalib gələn kişi və qadın idmançılar 2016-cı ildə Rio Oyunlarına  vəsiqəyə sahib çıxacaqlar.

Həmin kateqoriyadan