AFFA öz nizamnaməsinə məhəl qoymur

Martın 7-də saat 10:00-da “Bulvar” mehmanxanasındaə AFFA-nın növbəti hesabat konfransı, onun ardından icraiyyə komitəsinin iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı rəsmi qərar hələ bir müddət öncə açıqlanıb. Maraqlı olan, AFFA-nın rəsmi saytında bu barədə xəbər yerləşdirilsə də, qərar müəllifinin kimliyi yoxluğudur. Halbuki qurumun nizamnaməsinin 28-ci maddəsində qeyd olunur ki, növbəti konfrans icraiyyə komitəsi tərəfindən ildə bir dəfə maliyyə ilinin başa çatmasından üç ay ərzində çağırılır. Amma bildiyiniz kimi, icraiyyə komitəsi bu il yığışmayıb və bu səbəbdən konfrans da çağıra bilməz.
Bundan başqa, 28-ci maddənin 2-ci bəndində o da qeyd olunur ki, gündəlik icraiyyə komitəsi tərəfindən müəyyən olunmalıdı. Amma bu bəndə də əməl olunmayıb – komitə yığışmayıb, gündəlik isə açıqlanıb.
Bu amillər növbəti konfransı qanunsuz saymağa imkan verirmi? Rəsmi sənədlərə, nizamnaməyə inansaq belədi. Lakin AFFA işləri yoluna qoymaq, qanun çərçivəsinə sığışdırmaq üçün çoxdandı absurd qərar verib.
Xatırlayırsızsa, icraiyyə komitəsi özü səlahiyyətlərinin bir qismini baş katibliklə bölüşmüş, ona konfransı təyin etmək hüququ vermişdi. Bu səbəbdən Növbəti Konfrans da elə katiblik tərəfindən çağırılıb, standart gündəlik isə nizamnamədə əksini tapıb. Halbuki bu sənəddə həm gündəliyin müəyyənləşməsinin İK-ya tapşırılması, həm də gündəliyin standart mətninin dərci öz-özünü təkzib etməkdir. Bəlkə elə buna görədir ki, qurumun rəsmi saytında yerləşdirilən bu xəbər-anonsda müəllifin adı qeyd olunmayıb. Bir növ absurd prosedur gizlədilib.
Futbolinfo.az-ın məlumatına görə, katiblik icraedici orqan olsa da, artıq qərar vermək səlahiyyətindədir. Bunu icraiyyə komitəsi öz qərarı ilə təsbit edib. Deməli, Rövnəq Abdullayev, İsgəndər Cavadov, Kazbek Tuayev, Elşad Nəsirov, Qurban Qurbanov, Rauf Əliyev, Vaqif Sadıqov, Mahir Məmmədov, Zaur Axundov, Elmar Məmmədyarov, Firudin Qurbanov kimi seçilmişlər görməli olduğu işi daha kiçik səlahiyyəti olan baş katib Elxan Məmmədova həvalə edib.

Həmin kateqoriyadan