- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib. Allsport.az saytı xəbər verir ki, Aleksey Dreyev qarşıdakı mötəbər yarış ərəfəsində imkanları qiymətləndirib.
– Sizə Bakı Şahmat Olimpiadasında Azərbaycan millisinin kapitanı olmaq təklif olunanda, münasibətiniz necə oldu?
– Azərbaycan yığması həmişə güclü şahmatçılarla seçilib. Buna görə də belə komandanın kapitanı olmaq çox sevindiricidir. Şahmatçılarla yaxşı münasibətim var. Bəziləriylə birgə çalışmışıq. Ötən il Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində Şəhriyar Məmmədyarova kömək edirdim. Əvvəlki illərdə isə Rauf Məmmədovla işləmişik. Azərbaycan yığmasında yüksək səviyyəli şahmatçılar toplaşıb. Belə komandada kapitan kimi çalışmaq böyük zövq verir.
– Qəbələdə Azərbaycan yığmasının Gürcüstan millisiylə yoxlama görüşü barədə danışardınız. Gördüklərinizdən razı qaldınızmı?
– Gürcüstanla oyunda şahmatçılar yaxşı təsir bağışladı. Ümumi yoxlama görüş olduğundan nəticə o qədər önəmli deyil. Sözsüz hesab bizim xeyrimizə oldu. Lakin burada əsas məqsəd gedişlərin, müxtəlif variantların yoxlanılması idi. Kapitan həmişə komandanın mümkün qədər yaxşı oynamasını arzulayır. İstəyərdim ki, daha yaxşı oynayaq. Amma bu günə olan vəziyyətdən razıyam.
– Son təlim-məşq toplanışı nə vaxt olacaq?
– Avqustun 19-da yenidən toplaşırıq. Son təlim-məşq toplanışında şahmatçıları çox yükləmək istəmirəm. Debütlər üzərində işləyəcəyik. Hər bir şahmatçının özünəməxsus təcrübəsi var. Onlar olimpiadada onlar vahid komanda kimi mübarizə aparmağa çalışacaq. Son hazırlıq dönəmində heç bir oyun keçirilməyəcək. Olimpiadaya az vaxt qaldığından artıq şahmatçılara rahatlıq vermək lazımdır. 7-8 günlük məşqlərdən sonra olimpiadaya hazırlıq başa çatacaq.
– Azərbaycan millisindən olimpiadada hansı nəticəni gözləyirsiniz?
– Bilirsiniz, olimpiada haqda proqnoz vermək mümkün deyil. Heç kim bilmir püşk necə olacaq. İlk mərhələdə hansı komandalarla oynayacağımız məlum deyil. Şübhəsiz ki, yüksək yerlər uğrunda mübarizə aparacayıq. Azərbaycan millisi komandalar arasında Avropa çempionatının iki dəfə qızıl medalını qazanıb. Lakin Azərbaycan komandasının olimpiadada medalı olmayıb. Heyətimiz yaxşı olmasına baxmayaraq bizi gərgin mübarizə gözləyir.
Azərbaycan millisi kimi komandayla yalnız çempionluq uğrunda mübarizə aparmaq lazımdır. Reytinqə görə Azərbaycan olimpiadanın 4-cü komandasıdır. Ona görə qazanılacaq istənilən əyarlı medalı uğur hesab edəcəyəm.
– 180-ə yaxın ölkə və 2000-dən çox şahmatçı. Statistikaya əsasən iştirakçıların sayına görə Bakı Şahmat Olimpiadasında rekord qeydə alınacaq…
– İştirakçıların sayı rekord olacaq. Rəqabət baxımından da güzəştsiz mübarizə gözlənilir. Əsas rəqiblərimiz Rusiya və ABŞ komandalarıdır. Son olimpiya çempionları Çini unutmaq olmaz. Ümumiyyətlə zəif rəqib olmur. Olimpiada uzun marafondur. Belə yarışlarda Macarıstan, Polşa, Fransa, Ukrayna, İngiltərə kimi komandaları da siyahıdan silmək mümkün deyil. Bir səhv ümumi nəticəyə ciddi təsir edəcək.
– Norveç millisində dünya çempionu Maqnus Karlsen də çıxış edəcək. Bu komandadan çəkinmək lazımdır?
– Norveç yığmasında əsas diqqət Karlsenə yönələcək. Bununla belə onların mükafatlar uğrunda mübarizəyə qoşulacağı inandırıcı deyil. Olimpiada 11 turdan ibarətdir. Bu müddətdə Karlsen təklikdə bütün millini irəliyə apara bilməyəcək.
– Sizcə, Olimpiadanın Bakıda keçirilməsi şahmatçılarımıza mənfi, yoxsa müsbət təsir edəcək?
– Adətən deyirlər doğma şəhər yerli komandalara kömək edir. Müəyyən mənada təzyiq hiss olunur. Çünki, əksəriyyət yerli komandaya azarkeşlik edir. Bu amilin Azərbaycan millisinin oyununa mənfi təsir edəcəyinə inanmıram. Komandadakı şahmatçılar peşəkardır. Onlar belə yarışlara artıq öyrəşib.
– Gələcəkdə də Azərbaycan millisiylə çalışmaq istərdinizmi?
– Hazırda bütün fikrimiz olimpiadaya yönəlib. Nəticə qazanmaq istəyirik. İşimiz uğurlu alınsa davam etmək olar. Bu barədə heç kimlə danışmamışıq. Amma olimpiadada yaxşı nəticə qazansaq , gələcək barədə düşünmək mümkündür.