- Baxış sayı: 5
- 03 Dekabr 2024 20:41
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales AFFA-nın saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Maltada təlim-məşq toplanışı və 2 yoxlama oyunu keçirdiniz. Oyunlarla bağlı fikrinizi bilmək istərdik…
– Nəzərə almaq lazımdır ki, biz Maltanın qadınlardan ibarət A milli komandası ilə qarşılaşdıq. Təbii ki, yaşca böyük futbolçulardan ibarət komanda ilə qarşılaşmaq bizim üçün çətindir. Amma bunu etməliyik, çünki elit-raundda çıxış edəcəyimizdən, güclü komanda ilə üz-üzə gəlməliyik. Hər iki oyun çətin hava şəraitində keçdi. Oyun günü Maltada güclü külək əsirdi. Buna görə də istədiyimizi edə bilmədik. Külək birinci hissədə bizim, fasilədən sonra isə rəqibin qapısı istiqamətinə əsirdi. Belə havada oynamaq əlbəttə, çox çətindir.
– Yaş fərqini nəzərə alsaq, nəticəni komandanız üçün qənaətbəxş hesab etmək olarmı?
– Hər zaman qələbə qazanmaq istəyirik. Əminəm ki, normal şərtlər altında komandamız onları udmağa hazırdır. Nəticə pis olmasa da, qələbə qazanmaq imkanımız vardı. Ümumiyyətlə, biz özümüzə qarşı hər zaman tələbkar olmalıyıq.
– Avropa çempionatının ilkin seçmə mərhələsindən sonra futbolçuları ilk dəfə bir yerə topladınız. Nə kimi dəyişiklik hiss etdiniz?
– Yığma ilə klubların səviyyəsi eyni deyil. İlkin mərhələyə hazırlıq zamanı yüksəldiyimiz formanı son bir ayda saxlaya bilmədik. Beynəlxalq oyunla milli çempionat matçlarının səviyyəsi fərqlidir. Ona görə də milli komandanı bir yerdə saxlamalı, hər gün məşqlər keçməliyik. Bu çox vacibdir. Əks təqdirdə, futbolçuların hazırlıq səviyyəsi aşağı düşəcək.
– Bunu gündəlik məşqlərlə etmək çətindir. Beynəlxalq yoldaşlıq oyunlarının keçirilməsi vacibdir. Bununla bağlı planlarınız varmı?
– Elit-raunda qədər – əsasən, fevral və mart aylarında 3-4 beynəlxalq oyun keçirməyi planlaşdırmışıq.
– Elit-raundun püşkü atılıb. Yığmamızın yer aldığı qrupu necə dəyərləndirirsiniz?
– Qeyri-adi nəsə gözləmək də olmazdı. Çünki söhbət elit-raunddan gedir. Çətin qrupa düşmüşük. Futbolçulara hər zaman deyirəm ki, həyatda mümkünsüz heç nə yoxdur. Uelsdə keçirilən ilkin seçmə mərhələnin nəticəsi buna sübutdur. Təbii ki, Almaniya yığması qrupun aşkar favoritidir. Amma İrlandiya və Polşa komandalarına qarşı oynamaq olar. Biz ilkin mərhələdə Belçika yığmasının zəif çəhətlərini öyrəndik və bundan maksimum istifadə etdik. Bu dəfə də bunu etməyimiz mümkündür.
– 2016-17-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Həmin qrup haqda nə düşünürsünüz?
– Öz ölkəmin – İspaniyanın – yığmasına qarşı oynamaq böyük bir motivasiya olacaq. Ukrayna və Latviya komandaları ilə bir neçə dəfə qarşılaşmışıq. Necə oynadıqlarını bilirik. Bu qrupda bizim əsas rəqibimiz Ukrayna yığması olacaq. Mərhələ adlamaq üçün 6 xal toplamalıyıq. Qrup oyunlarının Bakıda keçirilməsi bizə kömək ola bilər. Çünki yad ölkədə oynamaqla doğma meydanda çıxış etmək fərqlidir.
– Elit-raunddan sonra yaşla əlaqədar olaraq heyətdə dəyişikliklər olacaq. Necə düşünürsüz, gedənlərin yerini doldurmaq üçün U-17 yığmamızda yetərli qədər perspektivli futbolçu varmı?
– Həqiqətən də, ən güclü nəsli itirəcəyik. Əksər oyunçularımız DÇ-2012-nin yetirmələridir. Onlar 3 ildir bu komandada çıxış edirlər. 1999-cu il təvəllüdlü futbolçulara gəldikdə, təcrübələri çox aşağıdır. Heyətdə perspektivli futbolçular var, amma onlarla çox işləmək lazımdır.
– Bəs əsas millinin yaradılması ilə bağlı necə, plan varmı?
– İşim futbolçuları daim hazır vəziyyətdə saxlamaqdır. AFFA nə zaman qərar versə, o zaman əsas milli yaradılacaq.