- Baxış sayı: 38
- 20 Noyabr 2024 16:57
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan milli antidopinq agentliyi idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədilə yeni platforma hazırlayıb.
Allsport.az xəbər verir ki, bu platforma antidopinq sahəsi ilə bağlı bir sıra vacib hüquqi prosedurların onlayn formada həyata keçirilməsinə imkan verir.
Antidopinq qayda pozuntularının araşdırılması zamanı idmançının hüquqlarının qorunması baxımından vacib olan hüququ prosedurlar – idmançıdan izahat alınması, idmançının intizam və ya apelyasiya komitəsinə müraciət etməsi mövcuddur.
Bundan əlavə, hər bir peşəkar idmançı öz karyerası ilə bağlı bir sıra qərarları – idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmə, hərbi xidmətlə bağlı idmanı müvəqqəti tərk etmə – qəbul etdikdə bunun hüquqi cəhətdən rəsmiləşdirilməsinə məsuliyyət daşıyır. Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə, bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər. Qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb proses olmaqla yanaşı, icrası hüquqi biliklər və vaxt tələb edir.
Məsələnin əhəmiyyətini nəzərə alaraq AMADA onlayn müraciət platformasını istifadəyə verib. İdmançıların işini asanlaşdırmaq məqsədi ilə hazırlanan 8 sadə nümunə (idmançılar üçün: antidopinq qayda pozuntusu ilə bağlı izahat forması, İntizam komitəsinə müraciət forması, apelyasiya komitəsinə müraciət forması, idmanı tərk etmə forması, idmana qayıtma forması, idman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: milli yığma komandadan çıxarılma forması) platformaya yerləşdirilib. Beləliklə, idmançılar AMADA-nın ofisinə gəlmədən, poçt xidməti və kağız daşıyıcılardan istifadə etmədən antidopinq sahəsi ilə bağlı yuxarıda qeyd olunan öhdəliklərini, habelə bir sıra hüquqi addımları onlayn qaydada asanlıqla həyata keçirə bilər.
Bunun üçün AMADA-nın rəsmi internet səhifəsinə daxil olaraq “onlayn müraciət” bölməsinə girmək (https://f.amada.az) və müvafiq formaları doldurmaq kifayətdir. Həmin bölmədə qaydalar və tələb olunan məlumatlar ətraflı izah olunub.
İdmançılara dəstək məqsədilə dövrün tələblərini, o cümlədən, COVİD-19 pandemiyasının gətirdiyi məhdudiyyətləri nəzərə alaraq fiziki ünsiyyətin minimuma endirilməsi və idmançıların işinin asanlaşdırılması üçün bu cür yeniliklərin tətbiqi davam etdiriləcək.