Antalyada 44-cü sınaq

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 2015-ci ilin ilk sınağına çıxacaq. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” yeni ildə ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə görüşəcək. İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.

İndiyədək baş tutan oyunlardan ikisi rəsmi xarakter daşıyıbsa, 65-i yoxlama xarakterli olub. Avropa Liqasındakı iki matçı nəzərə almasaq, komanda beynəlxalq matçlarda 28 qələbə qazanıb, 13 heç-heçə edib, 14 dəfə uduzub. Xarici komandaların qapılarından 95 qol keçirən “Qəbələ” 73 top buraxıb.

2 beynəlxalq yoxlama oyununu Qəbələdə keçirən “qırmızı-qaralar” ölkə xarici toplanışlarda 63 belə matça çıxıb. 28 qələbə və 22 məğlubiyyəti olan komanda 13 dəfə bərabərliklə kifayətlənib. 94 dəfə qol sevinci yaşayan “Qəbələ” 69 top buraxıb.

Bu matçlar 5 müxtəlif ölkədə keçirilib. Türkiyədə 10, Sloveniyada 2, İngiltərə, Avstriya və Hollandiyanın hərəsində 1 toplanışda olan “Qəbələ” 11-ci dəfə qonşu ölkədə hazırlıq keçir. Antalyada 43 beynəlxalq matça çıxan “qırmızı-qaralar” 18 qələbə qazanıb, 12 heç-heçə edib, 13 dəfə uduzub. Həmin görüşlərdə top fərqi 68-51-dir. Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt Neftçi” ilə 2 görüş baş tutub.

Komanda indiyədək PSV ilə qarşılaşmasa da, Hollandiya klubları ilə əvvəllər də üz-üzə gəlib. 2014-cü ilin yayında Hollandiyada hazırlıq keçəndə 3 yerli klubla üz-üzə gəlmişdi. “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” “Alkmaar”a 0:2, “Herenven”ə 0:1 hesabı ilə yenilmişdi.

Həmin kateqoriyadan