Ayxan Tağızadə: Yeni qaydalar İslam oyunlarında uğur qazanmaq imkanımızı daha artırır

İlk Avropa oyunlarının qalibi, komandalararası dünya çempionatının qalibi olan Ayxan Tağızadə (68 kq) Antalyada keçiriləcək G-1 dərəcəli 5-ci klublararası qitə çempionatı və G-2 “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, istedadlı taekvondoçu Azərtac-a müsahibəsində, bu yarışların reytinq xalları qazandıracağını deyib: “Əvvəllər idmançının jiletinə vurulan zərbə bir xalla qiymətləndirilirdisə, indi hakimlər bu zərbələrə iki xal verirlər. Mən ən çox qarına vurulan zərbələrə üstünlük verdiyimə görə bu qaydalar mənim üçün faydalı olacaq. Yeni qaydalar 4-cü İslam Həmrəyliyi oyunlarında tətbiq olunacağından bu, bizim uğur qazanmaq imkanlarımızı daha artırır”.

Bakı-2017-yə hazırlıqlardan da danışan idmançı qeyd edib ki, milli komandamız bu tədbirə yüksək səviyyədə hazırlaşır. “Yanvar ayından etibarən Azərbaycan Taekvando Federasiyasının təlim-məşq bazasında hazırlığa başlamışıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçir. Federasiyanın rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərir. Məşqlərimi, taktiki və texniki hazırlıqlarımı hər gün davam etdirirəm. Bakı-2015-də olduğu kimi, oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək çempion olmaq, dövlət himnimizi səsləndirmək, xalqımızı sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

 

Həmin kateqoriyadan