Azər Bağırov: Rəhbərlik də qarşıya çempionluğu hədəf qoydu

MOİK 1-ci divizionda hələ sona 4 tur qalmış premyer liqaya vəsiqəni təmin edib. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Azər Bağırov “Hədəf isə 1-ci yeri tutaraq qızıl medallara sahib çıxmaqdı” deyir. O, klubda çalışan həmkarımıza müsahibəsində MOİK-ə gəlişindən, bu günə qədər olan hadisələrdən, məqamlardan, oyunlardan danışıb:

– Öncə MOİK azarkeşlərinə, sevənlərinə Azər Bağırovu öz dili ilə yaxından tanıdaq… 
– 1981-ci ildə anadan olmuşam. Uşaqlıqdan futbola böyük marağım olub. Peşəkar səviyyədə futbolçu karyerama 16 yaşımda “Xəzri”də (Buzovna) başlamışam. Hətta o dövrdə Nadir Qasımovun rəhbərliyi altında “Xəzri”də yüksək dəstədə 2 oyuna da çıxmışam. Sonradan “Qarabağ”ın əvəzediciləri, “Neftçi”, “Qəbələ”, “ABN-Bərdə”, “Ədliyyə”, “Viləş”də də çıxış etmişəm. Amma əsasən “Xəzər Universiteti”ndəki çıxışımla tanınmışam. O klubda həvəskarlar, divizion səviyyəsindən yüksək liqaya qədər çıxış etmişəm. Məşqçilik karyerama isə 2010-cu ildə “Neftçi”də başlamışam. Arif Əsədovun köməkçisi, həm də seleksioner-məqşçi işləmişəm. Ardından məşqçilik kurslarına qatıldım, “C” və “B” kateqoriyalarını aldım, milli komandaya dəvət olundum. 2 il U-16 millisində Nikolay Adamın köməkçisi olmuşam. Ardından “Qəbələ”də çalışmışam. 11 və 16 yaşlı uşaqların baş məşqçisi olduqdan sonra premyer liqada əsas komandada ispan çalışdırıcı Luis Araqonun yardımçısı olmuşam. MOİK-dən əvvəl isə “Qaradağ Lökbatan”da çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Ailəliyəm, 3 oğlan övladım var.

– Ümumiyyətlə, MOİK-ə gəlişiniz necə alındı? 
– Kanadaya 4,5 aylıq səfərimi işçi vizası ilə bağlı problemə görə yarımçıq qoyub Azərbaycana döndükdən sonra MOİK rəhbərliyi ilə görüşümüz oldu. Rəhbərlik komandanın çətin durumda olduğunu və mənimlə əmkdaşlıqda maraqlı olduğunu bildirdi. Danışıqlardan sonra ortaq məxrəcə gəldik və mövsümün sonuna qədər müddətə müqavilə imzaladım. Ötən mövsümün son 7 turunda komandaya artıq mən başçılıq etmişdim. Görünür, qazanılan nəticələr rəhbərliyi qane edib ki, mənə yeni mövsüm üçün də müqavilə təklifi edildi. Mən də təklifi qəbul etdim və bu gün də MOİK-in uğurları üçün çalışıram.

– Kanada səfərini qeyd etdiniz. Mühacirət etmək fikri haradan yarandı? Niyə getmişdiniz, niyə gəldiniz? 
– Kanadaya daha çox xaricdə olmaq, orada işləmək, təcrübə qazanmaq, məşqçi kimi dünya görüşümü, əhatəmi genişləndirmək məqsədilə getmişdim. Legioner həyatı yaşamaq, məşqçi bacarıqlarımı ölkədən kənarda sınamaq, sübut etmək istəyirəm. Bildiyimiz kimi, Azərbaycanda hazırda Premyer Liqada cəmi 8 komanda mübarizə aparır, ona görə də məşqçilər üçün, türklər demiş, alan dardır. Ona görə də belə bir şey düşünmüşdüm. Xaricdə işləmək arzum hələ də qalır. Əslində Kanadada 1-ci divizion komandası var idi, artıq müqavilə də imzalamışdıq. Fikirləşdiyim, həyata keçirmək istədiyimiz bəzi şeylər var idi. Sadəcə, dediyim kimi, işçi vizası ala bilmədiyimdən çalışmağım da qeyri-mümkün oldu.

– 2017/18 mövsümünün sonunda, 2018-ci ilin mart ayında komandaya gəldiniz. Sona 7 tur qalmış komandanın “sükan”ını ələ alarkən nə düşünürdünüz? 
– Mən xaraktercə optimist insanam. Ona görə də həmişə gücümə, bacarığıma inanıb işə başlayıram. Fikirləşirdim ki, burdayamsa, deməli mənə inanıblar və bu inamı doğrultmaq lazımdır. Düşünürdüm ki, bu gün mənə etimad göstərənlərə yardım etməliyəm. Hə, gələcək üçün nəsə alınarsa və onların da təklifi olarsa, oturub bu haqda düşünmək olar. Düşünürdüm ki, niyə də bunu MOİK-də etməyim. Komanda hansı divizionda çıxış etməsindən asılı olmayaraq, öz dəst-xəttinə malik klub kimi yaddaşlardadır.

– Bəs müqaviləniz mövsümün əvvəlində yenilənərkən rəhbərlik qarşısınıza hansı hədəfləri qoydu?
– Yeni mövsümə yaxşı və iddialı hazırlaşmışdıq. Rəhbərlik də qarşıya çempion olmaq hədəfi qoydu. Amma limitin dəyişməsi, meydanda azı bir 2001-ci il təvəllüdlü futbolçunun olmasının məcburi qayda olması, bu səbəbdən də yeni gənc oyunçuların cəlb edilməsi zərurəti bir qədər problem yaratdı. Çünki biz yaşlı oyunçular seçmişdik və limitə düşən yetərli qədər oyunçumuz yox idi. Bu məsələ, açığı, rəhbərlik tərəfindən komandaya qarşı bir az inamsızlıq yaratmışdı. Amma zaman keçdikcə hər şey öz yerinə düşdü, uğurlarımız artdı və rəhbərliyin də qayğısını üzərimizdə hiss etdik. İlk dövrə ərzində cəmi 2 məğlubiyyət oldu ki, onlar da ilin sonuna doğru komandada “böhran”ın yaşandığı dövrə təsadüf etdi. Bununla belə, oyunları, demək olar, 95 faiz eyni heyətlə oynamağımız çətinlik yaradırdı.

Həmin kateqoriyadan