Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı olub

Azərbaycan Triatlon Federasiyasında hesabat-seçki konfransından sonra İcraiyyə Komitəsinin ilk toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb.

Birinci Avropa Oyunlarında triatlonçu Rostislav Pevtsovun bürünc medal qazanmasının sevindirici hal olduğunu diqqətə çatdıran federasiya prezidenti, idmançının öz nəticələrini yaxşılaşdırmaqda davam etdiyini söyləyib. Cari il Pevtsov Afrika açıq çempionatında qələbə qazanıb, Çində keçirilən dünya kubokunda gümüş medala layiq görülüb. Onun uğurlarının zirvəsi isə Çikaqodakı dünya seriyasının finalındakı çıxışı olub. Həmin mötəbər yarışda idmançımız 11-ci yeri tutub.

Məhərrəmov qeyd edib ki, Pevtsov gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı artıq təmin edib: “İdmançımız dünya reytinqində yüksək pillədə qərarlaşıb. Buna görə də Braziliyada keçiriləcək Rio-2016-yavəsiqəni demək olar ki, təmin edib. Bu isə o deməkdir ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında triatlon növündə təmsil olunacaq”.

Sonda İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarına əsasən Rüstəm İbrahimov federasiyasının vitse-prezidenti seçilib. Cavad Axundzadə isə yenidən baş katib vəzifəsinə təsdiq olunub.

Həmin kateqoriyadan