Bakı İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə olunacaq

8 dekabrda 4-cü İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı chef de mission seminarı öz işinə başlayacaq. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abduləziz Əl-Nəssar, baş katibin müavini Səid Abdulcəfər Hüseyn və ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək.

Toplantının keçirilməsində əsas məqsəd İslam Həmrəyliyi oyunlarında iştirak edəcək ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdır. Seminar çərçivəsində Əməliyyat komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə Missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.

Yığıncağın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq. Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar.

İdman arenalarına baxış tədbirin önəmli hissəsidir və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər.

Həmin kateqoriyadan