Belarus milli komandasının üzvü rəsmən “Qəbələ”də

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.

Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında BATE-yə keçib. 5 il bu komandada çıxış etdikdən sonra Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-11-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klubunun da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidə BATE-yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa təmsilçisində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Qəbələ” Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.

Həmin kateqoriyadan