Dmitri Bezotosnının kef istəyi: “Qəbələdə heç bir əyləncə növü yoxdur”

“Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnı ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– İlin əvvəlində sizə “Qəbələ” barədə sual verəndə danışmaq istəmirdiniz. Amma bu komandaya keçdiniz…
– Çünki o vaxt hələ hara getdiyimi, necə olacağını bilmirdim. Məni ora dəvət etdilər, son qərarı isə orada verməliydim. Gedib, hər şey ilə yerindəcə tanış olmalıydım. Yəni ölkə xaricinə yollananda hələ müqavilə imzalayacağıma zəmanət yox idi. Ona görə də yanvarda “Qəbələ” barədə verilən suallara cavab verməyə tələsmirdim. Belə məlumatları adətən müqavilə imzaladıqdan sonra demək mümkündür. Müqavilə yoxdursa, danışmaq da mənasızdır.

– O vaxt daha yaxşı maliyyə şərtlərinə görə Azərbaycana getdiniz, ya Roman Qriqorçukla işləmək perspektivi yarandığına görə?
– Bunlar da səbəb idi. Amma eyni zamanda həmin vaxt Ukraynadan demək olar ki, normal bir təklif də yox idi. Menecerlər də dəqiq bir söz demirdilər. Ona görə də Qriqorçukun təklifini üstün tutdum. Həm də yanvar ayı idi, Azərbaycanda tezliklə çempionat bərpa olunacaqdı.

– Həmin vaxt mövsümün sonunadək 15 oyun keçirdiniz, komandanız isə mövsümü bürünc medalla başa vurdu…
– Yadınızdadırsa, biz o vaxt uzunmüddətli müqavilə bağlamamışdıq. Bu üzdən də öz işimizi dəqiq və vicdanla görməyə çalışırdıq. Rəhbərliklə yarım illik anlaşmışdıq. Amma vəzifəmizin öhdəsindən layiqincə gələcəyimiz halda, digər şərtlər və daha ciddi hədəflər də mümkün idi. Bunların hamısı məni qane edirdi. Üstəlik, yeni ölkəyə getmişdik. Qərara gəldik ki, birgə əməkdaşlıq edib, uğur qazanaq. Etiraf edim ki, Avropa Liqasına vəsiqə qazanmağı çox istəyirdik.

– Demək olar ki, bütün ömrünü vətəndə keçirmiş biri üçün ölkədən kənarda, legioner həyatı yaşamaq çoxmu çətindir?
– Bütün həyatımı ölkədə keçirdiyimi deməzdim. Moskva ətrafında yaşadığım gözəl günlər olub. Ona görə də ölkə xaricində yaşamağın nə olduğunu bilirdim.

– Bu mövsüm “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynadı. Bu, klub üçün nə demək idi?
– Doğrudan da klubumuz bu turnirdəki ilk çıxışında heç birinci təsnifat mərhələsini keçə bilməmişdi. Klub rəhbərliyi bizə bu barədə məlumat vermişdi. Ona görə də rəhbərlik hər mərhələ keçdikcə, bizi tərifləyirdi. Hətta paltardəyişmə otağımıza gəlirdilər. Azarkeşlərin, klub prezidentinin bizi avrokuboklarda görməyi necə çox istədiyini yaxşı görürdük. Fikrimcə, klub üçün böyük addım atdıq.

– “Qəbələ”nin çempionatdakı indiki nəticələrini nə dərəcədə normal hesab edirsiniz?
– Hazırda neçənci pillədə yer almağımız ikinci dərəcəli məsələdir. Əsas odur ki, mövsümü neçənci yerdə başa vuracağıq. Sirr deyil ki, bu mövsüm çempionluq uğrunda mübarizə aparırıq. Əvvəlkindən daha yaxşı çıxış etmək istəyirik. Bunu hamı istəyir. Amma biz daha çox istəyirik. Yaxşı oynayırıq. Sadəcə, qələbə qazanmaq həmişə nəsib olmur.

– Nəticələrdən söz düşmüşkən, sizin 729 dəqiqəlik quru seriyanız da bu yaxınlarda qırıldı. Karyeranızda yenə belə uğurlu seriya olacağına inanırsınız?
– Düzünü deyim ki, belə statistikaları izləmirəm. Amma zədəli olanda eşitdim ki, quru seriyam başa çatıb. İstənilən halda mənim işim oynamaqdır. Məsələn, mənim üçün 0:0 hesabından daha çox, 2:1, 3:2 hesablı qələbə daha önəmlidir. Təəssüf ki, son dövrlər biz qələbə qazana bilmirik və bu üzdən liderdən xeyli aralanmışıq.

– Son dövrlər sizi yaşıl meydanlardan kənarda qoyan zədəniz çoxmu ağır idi?
– Əvvəllər əzələ problemi var idi, bu dəfə isə ayaq barmağım sındı. Bu üzdən də “Qəbələ”nin oyunlarını internetdən izləməli olurdum. “Rəvan”la oyundan sonra həkimlər rentgen etdilər, sınıq aşkarlandı. Ondan sonra dərhal Odessaya qayıtdım, evdə müalicə almağa başladım. Fikrimcə, yanvar toplanışından etibarən komandama qoşula biləcəyəm.

– “Qəbələ”də qalacaqsınız?
– Bəli. Çünki yayda daha bir illik müqavilə imzalamışam.

– Qəbələdəki həyatınızı necə xarakterizə edərdiniz?
– Mehmanxana – məşqlər – otel – matçlar. İndiki həyatımı belə izah edərdim. Bütün vaxtımı futbola həsr edirəm. Başqa əyləncə növü yoxdur. Fikrimdən başqa heç nə keçmir. Qəbələ elə də böyük şəhər deyil.

– Yeni mədəniyyətə alışmaq çoxmu çətindir?
– Yerli əhalinin öz adətləri var. Bizim buna heç bir aidiyyatımız yoxdur. Hər şeyi kənardan izləyib, susuruq.

– Sizi ən çox təəccübləndirən nə olub?
– Müəyyən məqamlar var, amma onlardan danışmaq istəmirəm. Yerli əhalinin öz mədəniyyəti var. Bunu müzakirə etməyə, hansısa irad tutmağa haqqım yoxdur. Onlara hörmət edirəm. Mənim fikrimcə, onların inamı bizimlə müqayisədə daha güclüdür.

– Yerli mətbəxlə aranız necədir?
– Bu baxımdan bir futbolçu kimi peşəkarlığımı qorumağa çalışıram. Əlbəttə, istirahət günlərində yerli mətbəxdən nələrisə dadmaq mümkündür. Məsələn, düşbərə xoşuma gəlir. Ümumiyyətlə, orada qoyun ətindən çoxlu və müxtəlif dadlı yeməklər var. Azərbaycanda qidalanma baxımından hər şey qaydasındadır.

– Orada tək yaşayırsınız, ya ailənizlə?
– Toplanışdan sonra həyat yoldaşımla övladım beş günlük yanıma gəlmişdi. Ailəlikcə müzakirə apardıq və belə qərara gəldik ki, onlar elə Ukraynada yaşasalar, daha yaxşıdır. Üstəlik, Qəbələnin havası dəyişkəndir, gah dumanlı olur, gah yağışlı, gah qarlı. Ailə, uşaqla gəzməli çeşidli yerlər yoxdur. Ona görə imkan olan kimi, özüm ailəmin yanına getməyə qərar verdim.

Həmin kateqoriyadan