- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycanın ən tanınmış idman həkimlərindən biri, müxtəlif dövrlərdə “Neftçi” və “Xəzər Lənkəran” klublarında, eləcə də milli komandada çalışmış, 1992-2003-cü illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmuş Boris Xetaruqovun 75 yaşı tamam olur. Allsport.az xəbər verir ki, yubilyar bu münasibətlə AFFA-nın rəsmi saytına müsahibə verib.
– Əvvəlcə sizi yubileyiniz münasibətilə təbrik edirik.
– Təşəkkür edirəm.
– Boris Nanayeviç, siz Azərbaycanın ən tanınmış idman həkimlərindən birisiniz. Bu peşəni seçməyiniz necə oldu?
– Biz ailəlikcə bu sənətlə məşğuluq. Atam və anam kimi mən də bu sənəti seçmişəm. Bacım da həmçinin. 1964-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişəm.
– Futbola gəlişiniz necə baş verdi?
– 5-ci kursda oxuyarkən idmana marağım artdı. Özüm də idmanla məşğul olurdum. Düzdrü, futbolla yox, idman gimnastikası ilə. Bizim kafedra müdirimiz Kamal Axundov idi. O əvvəllər “Neftçi”də komandanın rəisi vəzifəsində işləmişdi. Təhsilimiz “azad diplom”la başa vurdum. Yəni istədiyim yerdə işləyə bilərdim. Ələkbər Məmmədov qonşumuz idi. Kazbek Tuayevə də qohumluğum çatır. Ələkbər dedi ki, “Neftçi”də həkim yoxdur, işləyərsənmi? Mən də razılaşdım. 1965-ci ildə gənclər komandasında işlədim. Bir il sonra əsas komandaya götürdülər.
– İdman həkimi işləmək nə dərəcədə çətindir?
– İlk vaxtlar çox çətin idi. Tək idim. Həm əsas, həm də ehtiyat komandada işləyirdim. Üstəlik, bir çox futbolçular yaşca məndən böyük idi. Cavan idim, təcrübəli deyildim. Üstəlik, məsləhət alacağım çox az adam vardı. O dövrdə bu sahədə cəmi iki mütəxəssis var idi – Kamal Axundov və Lyudmila Baqra. Lakin müsbət məqamlar da az deyildi. Komanda tez-tez səfərlərə çıxırdı. Mən də hər şəhərdə imkan düşdükcə tibbi müəssisələrə üz tuturdum. Daim biliyimi artırırdım. 50 ildir idman həkimiyəm. Bu da bir yubileydir.
– Bu 50 ildə yəqin ki az çətinliklə üzləşməmisiniz?
– Bəli. Amma çox işlər də görülüb. “Neftçi”də ən yüksək tələblərə cavab verən tibbi mərkəz açdıq. Bütün idman kompleksləri içində ilk dəfə orada stomatoloji mərkəz fəaliyyətə başladı. Bu mənada “Neftçi” SSRİ komandaları arasında birinci yerdə idi. Hətta buna görə 1978-ci ildə mənə fəxri fərman da veriblər. Həmin vaxt futbol komandaları arasında SSRİ-nin ən yaxşı idman həkimi seçildim. Keçmiş SSRİ-də idman həkimləri arasında ikinci şəxs idim. Demək olar ki, bütün idmançılar bizim yanımıza gəlirdilər.
– Sizə xüsusi çətinlik yaradan hadisələr olubmu?
– Bəzən elə hadisələr olurdu ki, özümü də itirirdim. 1966-cı ilin iyulunda Daşkənddə “Paxtakor”a qarşı oynayırdıq. Vyaçeslav Şexov adlı qapıçımız var idi. Onun başına ayaqla zərbə vurdular, kəllə sümüyü sındı. Belə məqamlar unudulmur. Amma vaxt keçdikcə işlər qaydasına düşürdü. Bilirsiniz, həkim öz işini yaxşı quranda futbolçular öz ailə sirrlərini belə həkimə açırlar. “Bavariya”da, “Qalatasaray”da, “Beşiktaş”da, Rusiyanın “Lokomotiv”, “Dinamo” klublarında olmuşam. Hər yerdə də yaxşı dostlarım olub.
– Bəzən həkimlər klublarda işləyəndə çətinlik çəkirlər.
– Hansısa tibb müəssisəsində işlədikdən sonra futbol klubuna gələndə çətinlik olur. Çünki orada həkimlər başqa cür ünsiyyət görürlər. Onlara futbol həyatı qəribə gəlir. Futbolçularla xəstə kimi davranmaq olmaz. Sən daim lazım ola bilərsən. Gecənin bir vaxtı zəng edib çağırırlar. SSRİ dövründə oyunlardan sonra məcbur olub səhərə kimi bazada qalırdım. Mənim bəxtim gətirdi ki, birbaşa futbol klubuna gəldim.
– Hansı futbolçularla yaxşı münasibətiniz olub?
– Hər biri ilə. Görünür, xarakterim elədir ki, hamı ilə ünsiyyət qura bilirəm. Bütün məşqçilərlə də yaxşı münasibətim var. 1965-2003-cü illərdə “Neftçi”nin həkimi işlədim. 1992-2005-ci illərdə eyni zamanda Azərbaycan milli komandasının həkimi idim. Həmişə də hər kəslə yaxşı ünsiyyətdə olmuşam.
– Sizə başqa yerlərdən iş təklif olunurdumu?
– Təkliflər olurdu. Amma başqa komandaya getmək, demək olar ki, mümkün deyildi. Sistem başqa cür idi.
– İşinizlə əlaqədar çox ölkədə olmusunuz. Bu səfərlər sizə nə verib?
– Çox ölkələrdə olmuşam. Amma ən yaxşısı öz ölkəndir. İtaliyada, Almaniyada nə qədər yaxşı olur-olsun, yenə vətən səni özünə çəkir. SSRİ dağılandan sonra təkliflər var idi. Lakin o vaxt bütün gücümüzü səfərbər edib AFFA-nı yaratdıq. O zaman fikrimizi buna yönəltdik. 11 il AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmuşam. Eyni vaxtda AFFA-nın Tibb Komitəsinin sədri idim.
– Tələbələrinizdən kimin adıın çəkə bilərsiniz?
– Faiq Hüseynov Dubaydadır. Murad Mərdanlı da tələbəm idi. Sədrəddin Məmmədov AZAL-da işləyir.
– Oyun zamanı azarkeşə çevrilirsiniz?
– Bəli. Bir də ayılırsan ki, oyunun içindəsən.
– Zədəli futbolçu oynayanda həyəcan keçirirsinizmi?
– Bəli. Özü də təkcə öz futbolçun yox, digər klubların üzvləri üçün də.
– Bir müddət “Xəzər Lənkəran”da da işləmisiniz…
– “Xəzər Lənkəran” klubunun rəhbəri Mübariz Mənsimov məni komandaya dəvət etdi. İstanbulda onunla görüşdüm. 2010-cu ildə ailə vəziyyətimlə əlaqədar klubdan ayrıldım. Onlar məni buraxmaq istəmirdilər. Üç dəfə ərizə yazdım, qəbul etmədilər. Lakin ailə vəziyyətim elə idi ki, rayonda qala bilmirdim. Ona görə də “Xəzər Lənkəran”dan ayrılmalı oldum.
– Arzularınıza nə dərəcədə çata bilmisiniz?
– Kifayət qədər uğurlarım olub. 1966-cı ildə “Neftçi” ilə birlikdə bürünc medal qazanmışam. İdman tibbi üzrə ali kateqoriyalı həkiməm. 1985-ci ildə “İdmançıların fiziki işgüzarlığının artırılması vasitəsi” ixtirasına görə SSRİ-nin ixtiralar və kəşf işləri üzrə Dövlət Komitəsinin Müəlliflik Şəhadətnaməsini almışam. Azərbaycanın əməkdar həkimiyəm. Lakin bütün arzulara çatmaq mümkün deyil. Azərbaycanın Avropa çempionu olmasını görsəm, deyərəm ki, arzularıma çatmışam.