Budaq Nəsirovun atası: Oğlumun “Sportinq”ə keçməsi ilə bağlı yüzlərlə təbrik almışam

“Zəng elədilər ki, uşağını da götür, qayıt Tovuza”

Ötən ayın sonlarında Portuqaliyanın adlı-sanlı “Sportinq” klubunun Budaq Nəsirovu transfer etməsi çoxları üçün gözlənilməz oldu. Allsport.az saytı xəbər verir ki, Azərbaycanlı futbolçunun “Sportinq”ə keçməsini futbolumuz adına əlamətdar hadisə hesab etmək olar. Budaq Lissabon klubu ilə 4 illik (1+3) müqavilə bağladı. İlk mövsüm “Sportinq B” də oynayacaq Nəsirov burada özünü doğrultsa, əsas komandaya cəlb olunacaq.
Budaq Nəsirovun “Sportinq”ə keçməsində onun meneceri Vaqif Heydərlinin əməyi böyükdür. Lakin ona kimi Budağın bir futbolçu kimi yetişməsində, bu səviyyəyə çatmasında başqa insanların da zəhməti olub. İlk növbədə, Budağın atası Hikmət Nəsirovun adını çəkmək lazımdır. Məhz atasının sayəsində futbolla tanış olan Budağın ilk məşqçisi Hikmət müəllim olub. Tovuza səfər zamanı Hikmət Nəsirovla görüşüb Budaq haqqında söhbət etdik. Müsahibəni təqdim etməmişdən əvvəl Hikmət Nəsirovla qısa tanışlıq yerinə düşər.
Hikmət Nəsirov 1965-ci il avqustun 23-də Tovuzda anadan olub. Keçmiş futbolçudur. 80-ci illərdə ustalardan ibarət “Neftçi”nin əvəzedici komandasının təlim-məşq toplanışında iştirak edib. Lakin komandaya düşə bilməyib. Ardınca bir müddət Tovuzun “Məhsul” komandasının şərəfini qoruyub. Dizindən aldığı ağır zədə səbəbindən futbolla tez vidalaşıb. Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra Tovuzda Uşaq-Gənclər İdman Məktəbində məşqçiliyə başlayıb. Hazırda həmin məktəbdə fəaliyyətini davam etdirir. Bir müddət “Turan” Futbol Klubunun Uşaq Futbol Məktəbində də işləyib. Bir çox futbolçular, o cümlədən yığmamızın üzvü Elvin Məmmədov Hikmət müəllimin yetirməsidir.

– Hikmət müəllim, Budaq necə övladdır?
– Hərənin övladı özünə şirindi. 3 övladım var – 2 oğlan və 1 qız. Budaq ailənin 2-ci uşağıdır. İndi durum oğlumu tərifləyim? Qısaca onu deyə bilərəm ki, yaxşı övladdır. İstiqanlıdır, yoldaşları ilə həmişə mehriban olub. Dava-dalaşla arası yoxdur. Demirəm, qorxaqdır. Qorxaqlıq onun qanında yoxdur. Sadəcə, lazım olanda başqalarını yola verə bilir. Uşaqlıqdan belədir. Baxmayaraq ki, Budaq bu səviyyəyə gəlb çatıb, övladlarımın birini digərindən seçmirəm.

– Bildiyimə görə, böyük oğlunuz Anar da futbolla məşğul olub.
– Elədir. Anar Budaqdan 2 yaş böyükdür. Pis də futbol oynamırdı. Amma elə oldu ki, axıra kimi məşğul ola bilmədi. Hazırda işsizdir. Yaxınlarda Bakıya iş dalınca getmişdi, deyəsən, alınmayıb.

– Budağın ilk dəfə futbola getdiyi günü xatırlayırsınız?
– Əlbəttə. Uzun illərdir ki, Tovuzda Uşaq-Gənclər İdman Məktəbində məşqçi işləyirəm. Onun ilk müəllimi özüm olmuşam. Budağın 8 yaşı olanda özüm ilə məşqə apardım. 3 il ibtidai hazırlıq qrupunda məşq keçdikdən sonra təlim-məşq qrupuna adladı. İlk vaxtlardan hiss edirdim ki, uşağın gələcəyi var. Bunu digər mütəxəssislər də deyirdilər.

– Oğlunuz digər uşaqlardan hansı cəhəti ilə fərqlənirdi?
– Həddən artıq istəkli idi. Həm də gözündə qorxu yox idi. Özündə böyüklərlə oynamaqdan, mübarizə aparmaqdan çəkinmirdi.

– Onun “Turan”a keçməsi necə oldu?
– 14 yaşı olanda “Turan”dan dəvət gəldi. 15 yaşında isə artıq, U-15 yığmasına çağrılmağa başladı. Həmin yığma ilə 2 ay “Fənərbağça”da təlim-məşq toplanışı keçdi. Özü də o vaxt U-15 yığması 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuşdu. Budaq isə, bildiyiniz kimi 1996-cı ildə anadan olub. Yəni, özündən 1 yaş böyüklərin yığmasında oynayırdı. Daha sonra bütün yaş yığmaların heyətində çıxış etdi. Andorra ilə oyunda əsas yığmanın da “dadını” gördü.

– Və əsas yığmada ilk oyunundaca qol vura bilərdi…
– Çox təəssüf. İlk oyunda fərqlənməsi onun xeyrinə olardı. Qapıçı ilə təkbətək mübarizədə məğlub oldu.

– Səhv etmirəmsə, Budağın 15 yaşı olanda Premyer Liqada ilk oyununa çıxıb. “Sınmağından” qormurdunuz?
– Premyer Liqada “Turan”ın heyətində ilk dəfə Bakıda “Bakı”ya qarşı oynayıb. Həmin vaxt böyük hesabla məğlub olmuşdular. Budaq oyunun başa çatmasına 10-15 dəqiqə qalmış meydana çıxmışdı. “Bakı”dan sonra yanılmıramsa, 1-2 oyunda da oynamışdı. Əsas heyətdə ilk dəfə meydana çıxması isə dəqiq yadımdadır, “Qəbələ”yə qarşı olmuşdu. Oyun Tovuzda keçirilirdi. Çox həyəcanlı idim. Hətta oyundan əvvəl baş məşqçi Əsgər Abdullayevdən xahiş etmək istəyirdim ki, Budağı əsas heyətdə meydana buraxmasın. Uşaq “sına” bilərdi. Amma sonra fikrimdən daşındım. Birtəhər özümü ələ alıb stadiona getdim. Pis oynamadı. Özünə görə vuruşdu.

– Futbol mütəxəssisiniz. Budağı digər futbolçulardan fərqləndirən və ya çatışmayan çəhətləri varmı?
– Bayaq qeyd etdiyim kimi, döyüşkəndir, mübarizədən qorxmur, sərt oyuna meyllidir. Məşqçilər adətən sərt futbolçuları sevirlər. Çatışmayan cəhəti sərt oyunu ilə bağlıdır. “Kart”a meyllidir. Təkcə bu xüsusiyyətindən narahatam.

– Oğlunuzun Portuqaliyaya getmək variantı nə vaxt ortaya çıxdı?
– Bu söhbət çoxdan var idi. Meneceri Vaqif Heydərli onunla 15-16 yaşı olandan maraqlanırdı. Vaqifdən çox razıyam. Budaq hələ gənc olanda Vaqif ona çox kömək edib, düzgün istiqamətləndirib, ona böyük qardaşlıq edib. Budağın “Sportinq”ə getməyinin səbəbkarı Vaqif Heydərlidir. Oğlumun oyununu izləmişdilər və bəyənmişdilər. Sonradan öyrəndim ki, Budağın Portuqaliyaya getməsi üçün lazım olan bütün xərcləri Vaqif müəllim qarşılayıb. Yol, otel və s. xərcləri nəzərdə tuturam.

– Onun “Sportinq”lə müqavilə bağlamaq xəbərini ilk dəfə kimdən eşitdiniz?
– Danışıqların getdiyindən xəbərdar idim. Amma ortada konkret bir iş yox idi. Müqavilə bağlaması ilə bağlı xəbəri futbol11.az saytının əməkdaşı Çingiz Abbasovdan eşitdim. Mənə zəng edib, fikrimi soruşdu. Əlbəttə, çox sevindim.

– Budaq ilk olaraq “B” komandasında oynayacaq. Sizcə, əsas heyətə düşə biləcəkmi?
– Budağın “Sportinq”ə keçməsi futbolumuz adına böyük hadisədir. Amma müqavilə imzalamaq hələ işin başlanğıcıdır. Qarşıda çox işlər görülməlidir. İlk növbədə öz üzərində işləməli, arxayınlaşmamalıdır. Oğlumun “Sportinq”ə keçməsi ilə bağlı yüzlərlə təbrik almışam. Əlbəttə, bir ata üçün bu, fəxrdir. Amma həmin təbrikləri tam olaraq qəbul edə bilmirəm. Axı, hələ ortada əməli bir iş yoxdur. Özünü göstərə bilsə, əsas komandaya düşsə, bax, onda təbrikləri ürəkdən qəbul edəcəm.

– Oğlunuzla tez-tez əlaqə saxlayırsınız?
– Tez-tez danışmağın əleyhinəyəm. Qoy, fikri ailəsinin yanında yox, işində-gücündə olsun, yayınmasın. 3-4 gündən bir əlaqə saxlayırıq. Axırıncı dəfə danışanda özünə də tapşırdım ki, bizdən arxayın ol, fikrin məşqlərdə olsun. Dediyinə görə, orada ona yaradılan şərait yaxşıdır. Deyir ki, ata, burada canavarların içərisinə düşmüşəm (gülür).

– Budaqdan sarı darıxmırsınız ki?
– 15 yaşından yığmadadır. Bircə dəfə darıxmışam, o da ilk dəfə U-15 yığması ilə Türkiyəyə təlim-məşq toplanışına gedəndə. Müxtəlif komandalarda – “Sumqayıt”da, “Araz Naxçıvan”da, “Kəpəz”də oynayıb. Elə olub ki, həftələrlə üzünü görməmişik. Yəni, artıq bu vəziyyətə alışmışıq. Yeri gəlmişkən, Budağın parlamağının səbəbkarlarından biri də Şahin Diniyevdir. “Kəpəz”də ona oynamağa şans verdi, inandı. “Kəpəz”in demək olar ki, bütün ev oyunlarını stadiondan izləmişəm. Oğlum haqqında Gəncə azarkeşlərindən xoş sözlər eşitmək qürurverici idi.

– Portuqaliyaya getmək, oğlunuzu oyununu izləmək fikriniz var?
– Oyunları yəqin ki, internet vasitəsilə izləyəcəm. Düzü, Portuqaliyaya getməyə maddi cəhətdən imkan yoxdur. Özü bilet göndərsə, gedərəm.

– Budaq hələ də “Sportinq”də debüt etməyib…
– Sənədlə bağlı nəsə problem var. Həll olunması an məsələsidir. Böyük ehtimalla yaxın 1-2 turda ilk oyununa çıxacaq. Bildiyim qədər məşçilər korpusunun ona inamı böyükdür. Belə olmasaydı, əsas komanda ilə məşqə çıxmazdı. Sonuncu dəfə onunla danışanda əsas komandanın məşqindən qayıtdığını dedi.

– “Sportinq”dən 1-2 il əvvəl onun adı İstanbulun “Başağşəhər” komandası ilə hallanırdı…
– 1 aya yaxın əsas komandada məşq keçdi. O vaxt 18 yaşı tamam olmamışdı deyə, mən də onunla İstanbula getmişdim. Sonra müəyyən səbəblər üzündən keçid alınmadı. Təfsilatlarına varmaq istəmirəm.

– Budağın “Sportinq”ə keçməsindən sonra bəzi insanlar onun “Qəbələ” yetirməsi olduğunu deyirdilər.
– Budağı “Qəbələ”nin Futbol Akademiyasına özüm aparmışdım. Orada baxışdan keçdi. Amma həmin ərəfədə Musa Süleymanov “Turan”ın prezidenti oldu. Zəng elədilər ki, uşağını da götür, qayıt Tovuza. Musa müəllim imkan verməzdi ki, Budaq kimi uşaq başqa yerdə oynasın. Beləcə, “Qəbələ” ilə müqavilə imzalamamış “Turan”a qayıtdı. Yadınızdadırsa, həmin vaxt bütün tovuzlu futbolçuları “Turan”a qaytarırdılar ki, Tovuzda futbolu ayağa qaldırsınlar.

– Bir çox futbolçuların yetişməsində əmyininz olub. Tələbələrinizdən 2-i – Elvin Məmmədov və oğlunuz artıq, yığmanın formasını geyiniblər. Könlünüzdən əməkdar məşqçi fəxri adı keçmir?
– Düzü, bu haqda fikirləşirəm. Yaxınlarda lazımi orqanlara müraciət etmək fikrindəyəm. Niyə də yox?

– Heç Budağın uşaqlığından danışmadınız. Oxuyan uşaq idi?
– Yox, o qədər də yaxşı oxumayıb.

– Nə əcəb? Müəllim övladı zəif oxuyub?
– Mənim özüm guya yaxşı oxumuşam (gülür)? Bilirsiniz, gərək uşağa sərbəstlik verəsən. Bayaqdan söhbət eləyə-eləyə fikirləşirəm, Budağı nə vaxtsa tənbeh elədiyim yadıma gəlmir. Sözəbaxan uşaq olub.

– Budaq adına Azərbaycanda az rast gəlinir.
– Budaq atamın adıdır. Atam dünyasını dəyişəndə çox gənc idim. Oğluma atamın adını qoymuşam.

Söhbətləşdi: İlqar TAĞIYEV
(Bakı-Tovuz-Bakı)
«Het-trik news» qəzeti

Həmin kateqoriyadan