- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in əsas komandasının inzibatçısı Cavid Əhmədovun 52 yaşı tamam olub. Allsport.az xəbər verir ki, Gəncə futbol məktəbinin layiqli yetirmələrindən bir olmuş Əhmədov futbolçu karyerasının böyük hissəsini doğma “Kəpəz”də keçirib. Komandanın qazandığı uğurlara imzasını atıb. O, ad günü münasibətilə klub saytının suallarını cavablandırıb.
– Təbrikə görə çox sağ olun. Özümü gümrah hiss edirəm, deməzdim ki, 52 yaşım var (gülümsəyir).
– Məşədi İbadın sözü olmasın…
– Nə qədər qoca olsam da, dəyərəm min cavana. Mənim haqqımda da belə demək olar (ucadan gülür).
– Vaxtilə sizinlə birgə oynamış Mehman Allahverdiyev “Kəpəz”in icraçı direktoru, Şahin Diniyev isə baş məşqçisidir. Bəlkə də, buna görə dünya futbolunda sizin kimi inzibatçı olmaz.
– Bu da bir qismətdir. Mən sevinirəm ki, bu gün onların hər ikisi ilə bir yerdə işləyirəm. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarmaq üçün çalışırıq. Uğur qazanmaq tək bir insandan asılı deyil, hərə öz sahəsində maksimum işləməklə kollektiv şəklində buna nail ola bilərik. Özüm üçün də çox xoşdur ki, keçmiş komanda yoldaşlarımla bir klubdayam.
– Onlarla oynamaq ayrı mövzunun söhbətidir. İşləmək necə, çətin deyil?
– Xeyr, mən öz işimin başındayam və üzərimə nə düşürsə, yerinə yetirirəm. Onlarla dost, yoldaş olsam da, işin öz yeri var. Hamı işinin öhdəsindən gəlməlidir. İşdən sonra dostluğumuz yerindədir.
– Deyə bilərik ki, bir inzibatçı kimi klubda üzərinizə düşən iş çətin və məsuliyyətlidir?
– Mənim üçün “Kəpəz”də işləmək xoşdur. Hər bir inzibatçının öz iş üslubu var, eləcə də mənim. İşlərin yolunda getməsi üçün doğma klubumuz naminə hər şey etməyə hazıram. İşimin çətinliyi yoxdur, şərəflə çalışıram və bundan ləzzət alıram. Yorulmuram, əksinə işlədikcə həvəslənirəm. Kollektiv ürəyimcədir, futbolçularla nəfəs alıram. Onların qələbəsinə mən də çox sevinirəm.
– Cavid Əhmədov “Kəpəz” üçün böyük futbolçu olub. Bəs əvəzedici heyətdə çıxış edən oğlunuz? O, yolunuzu davam etdirəcək?
– Sizə açıq və səmimi deyəcəyəm. Düşünmürəm ki, övladım Cavid Əhmədovun yerini tuta biləcək. Bu gün mən onu başqa sahədə görürəm. Böyük futbolçu olmaq üçün gərək öz üzərində dayanmadan işləyəsən, həvəs göstərəsən. Ata-bala oturub söhbət edib, qərar vermişik. Elmar gələn ildən məşqçilik kurslarına yazılacaq.