“Dönüş anı 9-cu turda oldu”

Yeni ölkə çempionu Məhəmməd Muradlı müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, qızıl medala gedən yoldan bəhs edib. 

– Azərbaycan çempionatında qələbə münasibəti ilə sizi təbrik edirik. Maraqlıdır, yarışdan öncə hansı nəticə uğrunda mübarizə aparırdınız?
– Təbriklərə görə təşəkkür edirəm. Yarışdan öncə çempionluq barədə düşünmürdüm. Əsas hədəfim final mərhələsinə vəsiqə qazanmaq idi. İlk turlarda uğurlu çıxış edə bilmədim. Bu səbəbdən çempionatda yüksək yer tutacağıma inanmırdım.

– Hansı turdakı nəticə sizə nəticəni dəyişməyə kömək oldu?
– Təsəvvür edin, 7 turdan sonra 3,5 xal toplamışam. Finala vəsiqə qazanmağım artıq çətin iş idi. Dönüş anı 9-cu turda oldu. Aydın Süleymanlı üzərində qələbə mənə kömək oldu, həm də inam verdi. Ardınca finala vəsiqə qazandım. 

– Yarımfinal çətin idi, yoxsa final görüşü?
– Yarımfinalda son çempion Vasif Duraybəyli üzərində qələbə qazandım. Hər şey tay-brekdə həll olundu. Durarbəyli güclü şahmatçıdır, ona görə qələbə asan əldə edilmədi. Finalda artıq rahat oynayırdım. Demək olar ki, əsas nəticəni qazanmışdım. 

– Finalda Misrətdin İsgəndərovla partiya barədə nə deyə bilərsiniz?
– Final çox rahat keçdi. Artıq minimum hədəfə nail olmuşdum. Hər iki partiyada qələbə qazanmaqla karyeramda ikinci dəfə Azərbaycan çempionu oldum. Cavab görüşündə rəqib səhvə yol verdi, səhvi dəyərləndirərək tam qələbə qazandım.

– İlk dəfə 2019-cu ildə Azərbaycan çempionu olmusunuz. O vaxtdan indiyə nə dəyişib?
– İlk çempion olan zaman cəmi 15 yaşım var idi. Sonra müəyyən vaxt şahmatda fəal dövrüm olmadı. Mənim yaşıdlarımın reytinqi daha yüksəkdir. Mən isə bir qədər geri qaldım. İndi bu qələbə yeni dövrün başlanmasına kömək olacaq. Bakıya qayıdandan sonra Sloveniyada baş tutacaq şəxsi Avropa çempionatına hazırlaşacam.

– Azərbaycan çempionatı barədə nə düşünürsən…
– Çempionatda kifayət qədər yaxşı şahmatçılar var idi. Final mərhələsinə mənə görə daha rahat oldu. Amma ilk mərhələdə çox çətin oyunlar keçirdim. Çox istəyirdim Vüqar Əsədli, Nicat Abasov da yarışda iştirak etsin. Bildiyiniz kimi, son anda müəyyən problemlərə hər iki şahmatçı çempionatda olmadı. Həm Əsədli, həm də Abasova qarşı oynamaq maraqlı idi.

– Əvəzində milli komandanın üzvü, Avropa çempionu Eltac Səfərli yarışda var idi. Amma final mərhələsinə vəsiqə qazana bilmədi.
– Eltac Səfərli çox təcrübəli şahmatçıdır. Sadəcə onun çıxışı istədiyi kimi alınmadı. Biz hər ikimiz eyni xal toplamışdıq. Qələbə sayı məndə çox olduğuna görə finala mən keçdim.

– Finaldan sonra ilk təbrik edən kim oldu?
– Valideynlərim zəng etdi. İlk təbriki Bakıdan zəng edən anam etdi. Onlar da mənim kimi çox sevinirdi.
 

Həmin kateqoriyadan