MƏXSUSİ
Elçin Əliyev: Saqqalım çox idi – sözüm keçmədi

“59 kq-da liderliyi qazanmaq niyyətindəyəm”

O, 2010-cu ildə məşhurlaşdı. Güləşçilərin Bakıda keçirilən Avropa çempionatında. Elə mən də Elçin Əliyevi həmin vaxtdan tanımağa başladım. 55 kq-da heç kimə aman verməyən gənc bahadır, həlledici görüşdə hamımıza ayrıca bayram ovqatı yaşatdı. Rəqib Pekin olimpiadasının finalında məğlubiyyətdən qurtularaq, bizə üzüntü gətirən Nazir Mankiyev idi. Rövşəndən fərqli, Elçin fürsəti qaçırmadı. Rusiyalı idmançını elə bir hala saldı ki, rəqib nə baş verdiyini, necə uduzduğunu heç özü də anlamadı. Görüşün hakimi güləşçimizin əlini qaldırdıqda, onun donmuş vəziyyətdə başını aşağı salmaqdan savayı çarəsi qalmamışdı. Elçininsə, sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil, çempion olmuş və öz çəkisində lideri olan komanda yoldaşının əvəzini çıxmışdı.
Final qələbəsindən sonra uşaq kimi milli komandanın baş məşqçisi Elçin Cəfərovun üzərinə atıldı. Onda onun cəmi 20 yaşı vardı. Heydər Əliyev İdman Sarayına toplaşanlar heyrət içərisindəydilər. Alqışa layiq, öyünüləsi bir final idi!

İstedadlı bahadır eyni uğuru 2 il sonra Belqradda təkrarladı. 2013-cü ildə Tiflisdə qitənin ən güclülərinin yarışında final həyacanını yaşadı. Bir sözlə, hər şey yaxşı gəlirdi, amma necə deyərlər, mərdiməzar olmasaydı.
Yeni qələbə hissi ilə alışıb-yanan güləşçini növbəti zəfər astanasında dayandırdılar. Süni sürətdə. Kimlər? Sapı özümüzdən olan baltalar. Atəşli oğlanın odunun sönməsinə səbəb, onun dindar olmasından irəli gələn saqqal saxlaması idi. Qəribə deyilmi? Dəbə-babadan eşidib-görmüşük ki, saqqal mömin adı gələndə, təkcə, ağlımızda canlanan obrazı deyil, xoş niyyətli siması, nuru, abır-həyasıdır. Əbəs yerə, «saqqalım yoxdur, sözüm keçmir» deyilməyib ha.

Əlqərəz, ədalətin bərqərar olması çox gözləmək lazım gəlmədi. Elçin artıq yenidən yığma komandadadır. Ona ehtiyac var. Karyerasını məhv etmək istəyənlərsə, artıq güləşdə deyil. Haqq həmişə sonda qalib gəlir! Uca Allahın səbri gendir. Bu fani dünya heç qüdrətli Süleymana qalmayb. Əsas odur ki, Qiyamətdə üzümüz qara olmasın.
Onunla çoxdan görüşüb-dərdləşmək istəyirdim. Münasib vaxt axtarırdım. İdmançı ilə söhbətim səmimi alındı. Tərəddüd etmədən müsahibə verdi.

 – Elçin, nə gözəl təsadüf, səni yenidən milli komandada görürəm. Nə vaxt qatılmısan?
– Allaha şükürlər olsun, hər şey qaydasındadır. Milli komandaya yeni qatılmışam. Heç bir ay deyil. Federasiyanın rəhbərliyi sağ olsun, məni qəbul etdi, etimad göstərdi. Hamıya məlumdur ki, Fazil Məmmədov AGF-in prezidenti olandan, güləşimizdə inkişaf sürəti bir az da artıb. Birinci vitse-prezident Namiq Əliyev daim komandanın yanındadır, qayğımıza qalır. Yığma komadanın tərkibində ilk təlim-məşqim Göygöldə oldu. Qarşıda planlar var. Çalışacağam ki, özümü yenə doğruldum, millidə yerimi möhkəmləndirim.

– Xeyli müddət idmanda olmadın. Bu vaxt ərzində nəylə məşğuldun?
– Kiçik biznes fəaliyətim vardı. Başımı onunla qatırdım.

– Milli komandada əcnəbi mütəxəssislər çalışır. Onların daim ölkə xarici ilə əlaqələri var. Çox güman, gedişin başqalarına bəlli idi. Digər federasiyalardan dəvət almamış olmazsan, axı, idmana gəlişin çox sürətli və gurultulu olmuşdu.
– Formada qalmaq üçün daim çalışırdım. Öz peşəmi hədsiz sevirəm. Türkəyədən dəvət gəlsə də, getmədim. Çünki Vətəni tərk edə bilməzdim. Bura mənimçün yeganə doğma məkandır, vətənin onun əvəzi ola bilməz.

– Bəs harada məşq edirdin?
– Son 3 ayı Sumqayıtda, «Zenit» İdman Cəmiyyətində şəxsi məşqçim Əbülfət Məmmədovun rəhbərliyi ilə hazırlaşırdım. Narahat olmayın, elə də zəifləməmişəm.

– Amma haradasa, iki il yığma komandadan kənar qaldın, güləşmədin. Özü də karyeranın parlaq yüksəliş dövründə, yolunu idmandan ayırmaq məcburiyyətində qaldın. İndi qayıtmısan. Bu illər hədər getmədimi? Peşmançılığını çəkirsənmi?
– Allahın hər bir işində xeyir var. Demək, belə qismət imiş. İnşallah, hər şey yaxşı olar. Elə də formamı itirməmişəm. Boş vaxtlarımda yüngül çalışmalar edirdim. Peşəkar idmançı formada olub-olmadığını dərhal hiss etdirir. Fikirləşirdim ki, bəlkə alınmaz. Amma Allaha şükürlər olsun, hər şey qaydasında, yerindədir. Müəllimim sağ olsun: məni hər şeyə o ürəkləndirdi.

– Elçin, qalmağa heç bir imkan yox idimi? Kim səni incik saldı?
– Bəziləriilə yola getmədim. Eyni sözü hər gün eşitməkdən bezmişdim. Saqqalım çox idi? Deyə bilərdilər ki, onu azalt. Bir də, komandada saqqalı olan tək mən deyildim axı! İstəsəydilər, güzəştə də gedə bilərdilər. Nəsə, hər məsələnin həll yolu var: öz aramızdır, şirin dil də sülh-barışıq, ədalət nümunəsidir. Nə isə, oldu… Ad çəkmək istəmirəm.

– Sənin komandadan getməyin mənə çox qəribə gəldi. Özün ikiqat Avropa çempionusan. Mömün idmançısan. Azərbaycanda güləşçi çoxdur. Amma onların hamısı qalib ola bilmir. Allah sənə öz lütfündən pay vermişdi. Səncə, bundan imtina düz idimi?
– Allahın istəyi ilə bu idmanda çox şey qazanmışam. Bütün qələbələri O mənə bəxş edib. İnanıram ki, bundan sonra da öz mərhəmətini məndən əsirgəməyəcək.
İkinci dəfə idmana bəzi yaxınlarımın, insanların güzəranını yaxşılaşdırmaq üçün gəlmişəm. Bilirsiniz, peyğəmbərimiz Məhəmməd (s.a.s.) buyurub ki, hər bir müsəlman digərinə əl tutmalıdır. Qohum-əqrabada elələri var ki, onların maddi və mənəvi dəstəyə ehtiyacı var.

– Elçin, yeni hədəflərini açıqlayardın.
– Qarşıda Rio Yay Olimpiya Oyunları gəlir. Orada 59 kq-da iştirakda əsas namizəd Rövşən Bayramovdur. O bunu haqq edib, öz alın təri ilə vəsiqə qazanıb. Arzu edirəm ki, Rövşən Rioda çempion olsun. Bu həm onun, həm də idmanımızın şərəf günü olar. Axı, onun da idmanda zəhməti, əziyyəti var. Məncə, qələbəyə çox layiqdir. Mənə gəlincə, indi bu çəkidə ehtiyatdayam.

– Belə məlum olur ki, yeni qapılar üzünə «Rio-2016»dan sonra açılacaq. Çünki bildiyimə görə, millimizin bu çəkidə lider güləşçisi yaxın gələcəkdə karyerasını bitirməyi düşünür.
– Bəli, 59 kq-da liderliyi qazanmaq niyyətindəyəm. Təkmübarizlik idman növündə belədir: kənarda dostdur, qardaşdır, amma döşəkdə hərə özü üçün mübarizə edir. Futbol deyil ki, hamı komanda üçün çalışsın. Ən əsas hədəfim Tokio Oyunlarına vəsiqə qazanıb, uğur qazanmaqdır. Ona qədərsə, dünya və Avropa çempionatları və qran-prilərdə fərqlənmək niyyətindəyəm.

Söhbətləşdi: Kamran HACI

 

Həmin kateqoriyadan