- Baxış sayı: 18
- 25 Aprel 2025 09:38
- Baxış sayı: 18
- Aprel 25, 2025
- 0
Polşa paytaxtı Varşavada Avropa çempionatı sona yetmək üzrədir. Yarışın 6-ci günü 3 yunan-Roma güləşçisimiz fəxri kürsüyə çıxdı. Onlardan biri 55 kq-da çıxış edən Eldəniz Əzizli idi. Bürünc medal qazanan idmançımız, eyni sınaqda ardıcıl 3-cü eyni nəticəni göstərdi. Dünən gecə allsport.az saytı titullu bahadırla əlaqə saxladı. O, müsahibəsində maraqlı məqamlara aydınlıq gətirdi:
– 2018-ci ildə həm Avropa, həm də dünya çempionu oldun. Amma növbəti illərdə çıxışında eniş hiss olundu. Bu nəylə əlaqədardır?
– Düzgün qeyd etdiniz, 2018-ci ildə böyük yarışlarda qızıl medal qazandım. Allaha həmd olsun, o ildən bəri dünya və qitə çempionatlarından mükafatla dönürəm. Bu da yunan-Roma güləş tariximizdə ilkdir.
– Son 3 ildə qazandığın bürünc medal görüşləri asan keçsə də, yarımfinalda ani büdrəməyin, səni finallardan edirdi. Bunu nəylə bağlayırsan? Nə çatmırdı?
– İdmanda sabitlik şərtdir. Allaha çox şükür olsun ki, son illlərdə Vətənə üzüağ qayıdıram. Düzdür, son medaların əyarı müəyyən səbəblərdən yüksək deyil. Amma buna da sevinirəm.
– Bu yarışda həmin mərhələdə rusiyalı rəqibinlə görüşdə qalib tərəf kimi görünürdün. Amma son saniyələrdə hər şey tərsinə oldu…
– Varşavadakı qitə çempionatına da yaxşı hazırlaşmışdım. Özümü yaxşı hiss edirdim, çəkimi rahat salmışdım. Görüşləri də düzgün qurmuşdum. Yəqin ki, görüşü internet üzərindən izləmisiz. Orda hakimlər qərəzli mövqe tutdular. 2 dəfə ard-arda məni parterə qoydular. Halbuki birində o, digərində mən oturmalıydım. Belə olacağı halda, rahat xal ala və enerjimi qoruya bilərdim.
– Rusiyalı rəqibin özü də nə etmək istədiyini bilmədiyi məqamda, ona 3 xal verilməsi, səncə, doğru idimi? Etiraz da yekunda qəbul olunmadı. Görüşdən sonra məşqçilərlə təkrarda nələr sezdin? Orda rəqibin xeyrinə 3 xal vardımı?
– Son saniyələrdə səhv etdim, bunu qəbul edirəm. Amma həvəsdən düşmürəm. Qarşıdakı yarışlarda daha inamlı olmağa çalışacağam
– Tokio-2020-dən sonra əksər lider idmançılar karyeranı bitirəcəklərinə eyham vurublar. Bəs Eldəniz Əzizli?
– Çəkim də olimpiya çəkisi olmasa da, dayanmaq fikrim yoxdur. Olimpiadadan sonra Norveçdə dünya çempionatı var, ora hazırlaşacağam. Allahın köməkliyi ilə, Osloda çempionluğu hədəfləmişəm.