Elnur Amanov: İnanıram ki, qadın taekvondoçularımız İslam oyunlarında da uğur qazanacaq

“Kişi və qadınlardan ibarət milli komandalar yanvarda keçirilən ölkə çempionatından sonra tam heyətlə təlim-məşq toplanışlarına qatılıblar. Məşqlər gündə üç dəfə olmaqla intensiv davam edib. Təlim-məşq toplanışları fevralın 3-də başa çatıb. Heyətdəki idmançılarımız mayda təşkil ediləcək Bakı-2017 İslam Həmrəyliyi oyunlarına, iyunda Koreya Respublikasında keçiriləcək dünya çempionatına və digər mötəbər yarışlara hazırlaşmaq üçün bir neçə beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Beynəlxalq turnirlərdən sonra Bakı-2017-də ölkəmizi təmsil edəcək əsas heyəti müəyyənləşdirəcəyik”. Allsport.az saytı xəbər verir ki, bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət millisinin yeni baş məşqçisi Elnur Amanov İslamiadaya hazırlıqla bağlı Azərtac-a müsahibəsində məlumat verib.

Bu təyinata qədər kişilərdən ibarət komandanın böyük məşqçisi vəzifəsində işləyən gənc mütəxəssis bildirib ki, qadın milli komandamızın məşqçisi olmaq təklifini məmnuniyyətlə qəbul etdim. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Rza Mehmandost, komandanın yeni böyük məşqçisi Rəşad Əhmədov və mən həm qadınlardan, həm də kişilərdən ibarət komandaların təlim-məşq toplanışlarını birgə keçirmişik. Baş məşqçi qeyd edib ki, İslam Həmrəyliyi oyunlarında yerli komanda olduğumuz üçün millimiz 8 kişi, 8 qadın taekvondoçu ilə mübarizə aparacaq. Rio olimpiydasından fərqli olaraq, maydakı Bakı-2017-də bütün çəki dərəcələrində təmsil olunacağıq. Sitat:

“İnanırıq ki, Bakı-2015 ilk Avropa oyunlarında olduğu kimi, bu tədbirdə də taekvondoçularımız yaxşı döyüş nümayiş etdirərək yüksək nailiyyətlər qazanacaqlar. Əsas məqsədimiz odur ki, yetirmələrimiz yarış zamanı döyüşməyə tam hazır olsunlar. Azarkeşlərimizin isə 4-cü İslam Həmrəyliyi oyunlarında idmançılarımızı dəstəkləmisini gözləyirik”.

 

Həmin kateqoriyadan