- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün doğum gününü qeyd edən “Kəpəz”in futbolçusu Elvin Cəbrayllı klub saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Elvin, öncə səni təbrik edirik…
– Təbrikə görə minnətdaram. Doğum günümün klub tərəfindən qeyd olunması xoş sürpriz idi. Bu münasibətlə tortun kəsilməsi gözlənilməz oldu, Namiq Ələsgərovla doğum günlərimizin arasında bir gün fərq var. Tort bizə doğum günü hədiyyələrindən biri oldu (gülür). Ad günündə çoxluğu xoşlamıram, evdə adətən ailə üzvlərimlə qeyd edirəm. Çoxları buna görə mənə irad tutub qapalı adam gözü ilə baxır. Bilmirəm niyə beləyəm.
– Doğum günü ilə bağlı xüsusi hədiyyə gözləyirsən?
– Mənim üçün əsas hədiyyə “Kəpəz”in heyətində çempionat matçında debütüm və qazandığımız qələbə oldu. Doğrudan da yaxşı oynadıq. “Qəbələ” kimi komandaya qarşı layiqincə mübarizə aparmağımızı və üç qol vurmağımızı heç kim gözləmirdi. Rəqib mövsümün ikinci hissəsinə Türkiyədə, biz isə Yevlaxda hazırlaşmışdıq. Ona görə də kağız üzərində hamı onları favorit göstərirdi. Amma biz sübut etdik ki, qələbəyə layiq olan tərəf bizik. “Kəpəz” Premyer Liqada daha yuxarı yerlərə layiqdir. Bunun üçün də mübarizəmizi davam etdiririk.
– Oyunun sonlarında meydana daxil olsan da, ab-havanı hiss edə bildin?
– Baş məşqçimiz Şahin Diniyev məni meydana buraxanda ilk anlarda həyacanlı idim. Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərimiz oyunu qızışdırmışdı. “Kəpəz”də ilk oyunumun olmağı və fanatların çılğın dəstəyi məni həyacanlandırmışdı. Amma oyunda uşaqların əzmkar mübarizəsini duyduqdan sonra hər şey yerinə düşdü. Azarkeşlərimiz Azərbaycanda bir nömrədir. “Kəpəz” ölkədə ən çox azarkeşı olan klubdur.
– Yəqin ki, baş məşqçidən gələcək oyunlar üçün yenə şans gözləyirsən.
– Əlbəttə, öncə etimada görə Şahin müəllimə təşəkkür edirəm. Az oynasam belə meydana çıxdığım üçün sevincliyəm. Əgər yenə şans verilsə, əlimdən gələni edəcəyəm. Nə qədər oynamağımın və kimin oynamasının fərqi yoxdur. Əsas olan komandanın qələbəsidir. Məncə, düzgün yoldayıq, bunun da nəticəsini mövsümün sonunda görəcəyik.
– Yəqin ki, Avroliqaya vəsiqəni nəzərdə tutursan.
– Bəli, çempionatda avrokuboklara vəsiqə verən yerlər uğrunda oynayırıq. Oyunumuzla bunu sübut etməyə çalışırıq. İnşallah, mövsümün sonunda Premyer Liqanı arzuladığımız yerdə başa vurarıq.
– Şahin müəllim haqda minimumdan maksimum əldə edən məşqçi kimi bəhs edirlər. Sən nə deyə bilərsən bu haqda?
– Düz deyirlər, yeni yaranmış komandayıq. Şahin müəllim tez bir zamanda yığdığı heyətlə necə məşqçi olmasını bir daha sübut etdi. O, göstərdi ki, qısa vaxtda nəticə verməyə qadir mütəxəssisdir. Qismət olarsa, futbolçu kimi uzun illər onun rəhbərliyi altında oynamaq istərdim. İndi onun komandasında olduğum üçün xoşbəxtəm. Məşqçimizdən çox şey öyrənirik.