- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in əsas komandasının Bakıda keçirdiyi təlim-məşq toplanışında əvəzedici heyətin altı futbolçusu da iştirak etdi. Allsport.az saytı xəbər verir ki, hazırlıqda baş məşqçi Şahin Diniyevin etimadını qazanmağa çalışanlardan biri də Emin Zamanov oldu. Gənc yarımmüdafiəçi əsas komandaya çağırılması, toplanış və digər məsələlərlə bağlı kapazpfc.az saytına müsahibə verib. O, həmkarımızla söhbətə qış hazırlığını dəyərləndirməklə başlayıb.
– Bu, bizim üçün bir şans idi, ona görə də belə imkanı bizə yaradan məşqçilərimizə təşəkkür edirəm. Biz gənc futbolçular da bacardığımız qədər yaradılan imkandan istifadə etməyə, özümüzü göstərməyə çalışdıq. Şükürlər olsun ki, təlim-məşq toplanışı yaxşı keçdi. Əsas komandanın təcrübəli oyunçularındən nəsə öyrənməyə çalışdıq, hərədən bir şey götürdük.
– Paytaxt hazırlığına dəvət alacağını gözləyirdin?
– Düzünü deyim ki, toplanışa çağırılacağımı gözləyirdim. Çünki mövsümün ilk yarısında əvəzedici heyətin üzvlərini oyunlar üçün tez-tez əsas komandaya dəvət edirdilər. Bu səbəbdən də komandanın qış hazırlığında baş məşqçimiz Şahin Diniyevin yenidən etimadını qazanacağımı hiss edirdim.
– Toplanış dövründə forma geyindiyin yoxlama oyunlarında məşqçilər korpusunun rəğbətini qazana bildin?
– Digərləri kimi mən də əlimdən gələni, üzərimə düşəni etdim. Oyunumun Şahin müəllimə necə təsir bağışladığını, hansı təəssüratlar yaratdığını deyə bilmərəm, amma məncə, pis olmadı. Bacardığım qədər etimadı doğrultmağa çalışdım. Mənə olan inamı boşa verməməyə çalışdım.
– “Neftçi” ilə Gəncədə keçirilən çempionat matçında həm “Kəpəz”in heyətində, həm də Premyer Liqada debüt etdin. Yəqin ki, buna görə az sevinmədin…
– Debütüm uğurlu alındı, komanda qələbə qazandı. Mən az oynasam da, qalib gələn heyətin üzvü kimi fəxr etdim, sevindim. Elitada ilk oyunum mənim üçün irəliyə doğru atılmış addım, təkan idi. Daha yüksək səviyyədə futbol oynaya bilmək üçün bununla kifayətlənmək, dayanmaq olmaz, inkişaf etmək lazımdır. Bu, hələ başlanğıcdır. Özümü doğrultmaq, tez-tez şans qazanmaq üçün çox çalışmalıyam.
– Mövsümün ikinci hissəsi üçün düşüncələrin nədən ibarətdir?
– Çalışıb əsas komandada möhkəmlənmək istəyirəm. Bilirəm ki, bu, heç də asan olmayacaq. Amma müəyyən vaxt keçdikcə, yavaş-yavaş istəyimə nail olmaq əsas arzumdur. Bunun üçün durmadan çalışacağam.
– Mövsümün əvvəlində “Qəbələ”dən bir illik icarəyə götürülmüsən. “Kəpəz”də qalmaq istəmirsən?
– İndidən bu haqda heç nə deyə bilmirəm. Hələ çempionatın yekunlaşmasına müəyyən vaxt var. Qərar vermək təkcə özümə aid olan məsələ deyil. Klublar arasındakı danışıqlardan çox şey asılıdır. Mənə daim oynamaq lazımdır. Yaşımın elə vaxtıdır ki, oynamalıyam. “Kəpəz” mənə bu şəraiti yaradıb. Bu şəhər mənim üçün olduqca doğmadır, Gəncədə doğulmuşam, uşaqlığım burada keçib. Karyeramda nəyin necə olacağını zaman göstərəcək.