Georgi Nikolov: “Kaxaber Sxadadzeyə indidən layiqli əvəzləyici axtarmalıyıq”

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytının suallarına cavab verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Kaxaber Sxadadze Gürcüstan millisində baş məşqçi oldu. Bu xəbəri necə qarşıladınız?
– Sözsüz ki, onun Gürcüstan millisinə təyinatı yaxşı haldır. Biz ona uğurlar arzulayırıq. Sxadadze klubun sahibi Cahangir Hacıyevlə danışaraq ondan razılıq alıb. Klubun sahibi Kaxaya eyni zamanda iki yerdə işləməyə razılıq verib. Amma digər tərəfdən bu, “İnter” üçün yaxşı xəbər deyil. Uzun müddət bizim komandada çalışıb. Hamımız ona öyrəşmişik. “İnter” Kaxanın rəhbərliyi altında yaxşı nəticələr göstərib. Onun getməsini istəməzdik. Əgər özü bu qərarı qəbul edibsə, ona yalnız uğurlar arzulaya bilərik.

– Mövsümün sonunda Sxadadze “İnter”i tərk edəcək. Deməli məşqçi axtarmalısınız…
– Bu barədə danışmaq mənim üçün çətindir. Klublar adətən qış transfer pəncərəsində futbolçu axtarır. Biz indi həm də məşqçi axtarmalıyıq. Kaxaber komandanın inkişafında özünəməxsus rola malikdir. Gərək komandaya layiq məşqçi tapaq. Kaxa maydan sonra klubdan ayrılacaq. Amma biz indidən axtarışa başlamalıyıq. Sabahdan axtarışa başlayacağam. Yaxşı məşqçi tapmaq çətindir.

– Cari mövsümü komanda üçün necə qiymətləndirirsiniz?
– Çempionatın əvvəlindən komandanı ilk üçlükdə görürdüm. Fasiləyə ilk üçlükdə gedəcəyimizi gözləyirdim. Bu gün “Qarabağ” liderdir. Ağdam təmsilçisi layiqli şəkildə 1-ci pilləni tutub. Biz onlara problem yaratmağa çalışmalıyıq. Yaxşı mənada rəqabəti artırmalıyıq. Fasilədən sonra “Qarabağ”la çətin oyunlarımız olacaq. Etiraf edək ki, bu gün “Qarabağ” çox güclüdür.

– Yanvarda yeni transferlər olacaq?
– Komandaya hücumçu lazımdır. Biz forvard axtarışındayıq. Həlledici məqamlarda qol vuran futbolçu almalıyıq. Məşqçi öz axtarışlarını davam etdirir. Yanvarda bu barədə müzakirələr olacaq və biz qərar qəbul edəcəyik. İstisna deyil ki, yeni hücumçu ilə müqavilə imzalanacaq.

– “Xəzər Lənkəran” bundan sonda gənc futbolçulara güvənəcək. Sizin bu qərara münasibətiniz necədir?
– “Xəzər Lənkəran”ın qərarları barədə danışmaq düzgün olmaq. Gənclərə şans vermək yaxşı haldır. Komandalar gəncləşdirmə siyasətini aparanda bu, yerli futbolçulara dəstək olmaq deməkdir. Qoy yerli futbolçular əcnəbilərdən güclü olduğunu sübut etsinlər.

– Rauf Əliyev, Əfran İsmayılov Lənkərandan ayrılır. “İnter” bu futbolçuların xidmətində maraqlıdır?
– Bildiyimə görə, bu futbolçular o qədər də bahalı deyil. Yəni söhbət maliyyədən getmir. Amma Sxadadze heç vaxt bu futbolçularla maraqlanmayıb. O, onlarla maraqlansaydı, mənə deyərdi. Əgər baş məşqçimiz onlarla maraqlanmayıbsa, deməli onlar bizim transfer siyahımızda yoxdur.

– 2014-cü il Azərbaycanda ən yaxşı futbolçu kimi hansı oyunçunun adını çəkə bilərsiniz?
– Çətin sualdır. Meza Kollinin adını çəkə bilərəm. Çox yaxşı və sabit mövsüm keçirib. Mən bütövlükdə 2014-cü ili nəzərdə tuturam. O, bütün oyunlarda maksimum dərəcədə yaxşı təsir bağışlayıb.

– Məşqçilərdən kimi fərqləndirərdiniz?
– İlk yerdə Qurban Qurbanovun adını çəkə bilərəm. O, “Qarabağ”la böyük uğurlar qazandı. İkinci sırada Kaxaber Sxadadzeni vurğulayaram. Üçüncü yerdə isə İbrahim Uzunca. Çünki, o gənc heyətlə “Bakı”nı bütün komandalar üçün ciddi rəqibə çevirib. Yəni “Bakı” o cavanlarla heç də pis oynamır və ona görə onun adını çəkmək istərdim.

Həmin kateqoriyadan