- Baxış sayı: 5
- 21 Noyabr 2024 17:24
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Türkiyədə insanlar futbol xəstəsidir. Demək olar ki, hər oyunda stadion dolur. Rusiyada isə ikinci səkkizlikdə qərarlaşan komandalar o qədər də populyar deyil. “Rubin” – “Anji” oyununa nə qədər azarkeş gəlmişdi? Türkiyədə belə hallar yalnız federasiya klubun tribunlarını bağlayanda baş verir”. Allsport.az xəbər verir ki, bu sözü “Krılya Sovetovun azərbaycanlı futbolçusu Ramil Şeydayev Rusiyanın sport24.ru saytına geniş müsahibəsində deyib. Rusiya və Türkiyə futbolunu müqayisə edən millimizin üzvü türk azarkeşlərin çılğınlığından danışıb:
“Türkiyədə fanatlar, yaxşı mənada, psixdirlər. Bir dəfə səfərdə “Qalatasaray”ı udmuşduq. Yerli azarkeşlər dəli olmuşdu. Bizə su şüşələri atırdılar. Prinsipial oyunlar çox çətin keçir. Ancaq adamlar azarkeşlik etməyi də bacarırlar. Stadion ümumiyyətlə susmur. Daim mahnı oxuyurlar. Trabzonda futboldan başqa məşğuliyyət yoxdur. Yəqin ki, Türkiyənin ən darıxdırıcı şəhərlərindən biridir. Futbolçusansa, hamı səni tanıyır. Uduzmusansa, ən yaxşısı evdən küçəyə çıxmamamaqdır. Udsan da, çıxma. Çünki adi kafedə belə oturmaq olmur. Hamı yaxınlaşır, şəkil çəkdirir, avtoqraf istəyir”.
Qol.az-ın məlumatına görə, millinin hücumçu “Qarabağ”dakı karyerasını da yada salıb: “Azarkeşlər stadiona gəlirlər. Hətta çempionlar liqasında oyunumuza 50 min adam toplaşmışdı. Yerli çempionat matçlarında isə stadionda 2-3 min və daha az azarkeş olur. Azərbaycanda futbol hələ inkişaf mərhələsindədir”.
Yenidən Avropada oynamağı arzulayan Şeydayev Türkiyə və Slovakiyada çıxış etmək istəmir: “Məsələn, İspaniya və Almaniya ola bilər. Aydın məsələdir ki, söhbət top-klublardan getmir. Ancaq təklif gəlsə, dərhal razılaşaram. Hər şey məndən və oyunumdan asılıdır”.
“Spartak”ın yarımmüdafiəçisi Ayaz Quliyevlə münasibətlərindən də söz açan millimizin hücumçusu azərbaycanlı oyunnçunun bir müddət öncə Moskvada ABŞ-lı turisti vurmasına münasibət bildirib: “Ayaz “Spartak”da, mən isə “Zenit”də yetişsəm də, onunla qardaş kimiyik. Həmin vəziyyətdə mənəvi olaraq ona dəstək verərdim ki, ruhdan düşməsin. Ayaz səhv etdiyini özü də başa düşür. Əsas olan da budur. O, özü də deyir ki, dəlilik edib. Şadam ki, sonda hər şey yaxşı qurtardı. Mən özüm də çılğın insanam. Bilmirəm, həmin vaxt necə hərəkət edərdim. Ayazın niyə elə davrandığını bilmirik. Bəlkə də evdə problemləri olub. Sevinirəm ki, bir daha belə hadisənin olmayacağına söz verib”.
Son vaxtlar qol vura bilməməsinin onu narahat etmədiyini deyən Ramil Almaniya futbolunun əfsanələrindən Miroslav Klozeni misal göstərib: “Bəzən belə şeylər olur ki, hücumçular ardıcıl qollar vurur, amma sonra dayanırlar. Əsas boşalmamaq və məşqlərdə çox işləməkdir. Hətta Kloze kimi forvardın da 10 oyunluq qolsuzluq seriyası olub. Uşaqlıqdan bu, mənim yadımdadır. Məncə, hazırda əvvəlkindən də yaxşı formadayam. Çünki daim meydana çıxıram, daha çox oyun təcrübəm var”.
Dinə hər gün daha çox bağlandığını söyləyən futbolçu islam adətləri ilə ailə qurmaq istədiyini vurğulayıb: “Komandaya istirahət veriləndə oruc tuturam. Oyun və məşq vaxtı çətin olur. Hər il, hətta hər gün dinə daha çox yaxınlaşıram və hansısa məqamları başa düşürəm. İslam adətləri ilə evlənmək istəyirəm. Bizdə elədir ki, bu gün heç nə yoxdur, sabah isə ailə qurursan. Buna görə də nəyisə təxmin etmək istəmirəm. 5 il görüşüb, 2 il birlikdə yaşayıb, daha sonra ayrılmaq mənə görə deyil. Hər şeyin öz vaxtı var”.