Hafiz Məmmədov: “Bakı” tezliklə fəaliyyətini bərpa edəcək
24 noyabr 2016 / 21:50 Baxış sayı: 1395 Bu gün Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq kapitanı, “Bakı”nın keçmiş baş məşqçisi Bülənd Qorxmazın ad günüdür. Allsport.az saytı xəbər verir ki, veteran futbolçunun 48 yaşı tamam olur. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov əlamətdar gün münasibəti ilə onu təbrik edib. Futbolxeber.az saytına özəl açıqlamasında, iş adamı “Bakı”nın qapısının daim “Böyük kapitan”ın üzünə açıq olduğunu bildirib:
“Türkiyə futbolunun canlı əfsanəsi, dəyərli insan, işinin peşəkarı olan Bülənt Qorxmazı ad günü münasibəti ilə təbrik edirəm. Nəinki futbolda, hətta həyatda belə onun kimi yaxşı insan çox azdır. Qapımız daim Bülənt Qorxmazın üzünə açıqdır. Onun kimi işini sevən, məsuliyyətli insanı daim klubumuzda görmək istərdik”.
Ölkəmizin tanınması, futbolumuzun inkişafı üçün daim səy göstərən Hafiz Məmmədov tezliklə “Bakı”nın fəaliyyətini bərpa edəcəyini qeyd edib: “Qarşıdakı bir həftə ərzində klubun bərpası ilə bağlı elanlarımızı verəcəyik. Tezliklə əməli fəaliyyətə başlayacağıq. Əsasən də uşaq futboluna, klubumuzun akademiyasına diqqət edəcəyik. “Bakı” daim uşaq futboluna böyük önəm verib. Təsadüfi deyil ki, hazırda klubumuzun 40-dan artıq yetirməsi istər əsas, istərsə də aşağı yaş qrupları üzrə milli komandalarımızın heyətində çıxış edirlər. Bu gün Premyer liqada və 1-ci divizionda mübarizə aparan istənilən klubun heyətində “Bakı”nın yetirməsinə rast gəlmək mümkündür”.
Hafiz bəy qeyd edib ki, məqsəd “Bakı”nın yetirmələrini ölkə xaricinə göndərməkdir: “Fəaliyyətimizi bərpa etdikdən sonra akademiyaya böyük diqqət ayıracağıq. İstedadları üzə çıxarıb, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Məqsədimiz gənclərin ölkə xaricinə yolunu açmaqdır. Bunun üçün də həm Bülənd Qorxmaz, həm də Milinko Pantiç kimi peşəkarların köməyinə ehtiyacımız var. Bir sözlə, “Bakı” tezliklə fəaliyyətini bərpa edəcək. Məqsədimiz dəyişməz olaraq qalır. Azərbaycan futboluna, idmanına fayda vermək istəyirik. Azərbaycanda bu gün istər idmana, istərsə də futbola ölkə rəhbərliyi səviyyəsində böyük diqqət və qayğı var. Biz də bu işdə üzərimizə düşəni etməyə tam hazırıq”.
Sonda Hafiz Məmmədov bu gün Avroliqada növbəti oyunlarına çıxan “Qəbələ” və “Qarabağ”a uğurlar arzulayıb: “Həm “Qəbələ”, həm də “Qarabağ” bu gün Avroliqada növbəti oyunlarını keçirirlər. Hər iki klubumuza uğurlar arzulayıram. İnanıram ki, onlar yenə də öz oyunları, qazanacaqları nəticə ilə azarkeşləri sevindirəcəklər”.