İdman döyüş növləri festivalına hazırlıq yekunlaşıb

İyunun 21-23-də Bakı idman sarayında daha bir mötəbər idman tədbiri keçiriləcək.  Allsport.az saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan idman döyüş növləri festivalına hazırlıq yekunlaşıb. Təşkilat Komitəsi mətbuat konfransı təşkil edilib. Tədbirdə çıxış edən təşkilat komitəsinin sədri Yavər Hüseynov möhtəşəm festivala hazırlıq işləri ilə bağlı məlumat verib:

“Azərbaycan prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində Bakı idman sarayının direktoru Əli Əsgərovun birbaşa təşkilatçılığı və rəhbərliyi ilə 2024-cü ilin iyun ayında keçiriləcək idman döyüş Növləri nestivalına hazırlıq işləri başa çatmaq üzrədir. Təbii ki, Təşkilat Komitəsi olaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür. Festivalın qüsursuz baş tutması ilə bağlı məsələlər, o cümlədən açılış mərasiminin təşkili ilə bağlı hazırlıq işləri yekunlaşıb. Festivalın baş hakimi beynəlxalq dərəcəli hakim Cahangir Babayev olacaq”.

O, xüsusi olaraq qeyd edib ki, 25 idman təşkilatı, o cümlədən federasiya və assosiasiyalar və ictimai birliklərin qatıldığı Festivalda 6 idman döyüş növü üzrə yarışlar təşkil olunacaq. 3 gün davam edəcək tədbirin açılış mərasimi iyunun 21-də saat 17:00-da olacaq. Sonra çıxış edən Dövlət gömrük komitəsinin idman-sağlamlıq mərkəzinin rəisi Xəzər İsayev festivalı mühüm hadisə kimi qiymətləndirərək, ilk gündən bu təşəbbüsə dəstək verdiklərini və idman tədbirinin keçirilməsi ilə bağlı təşkilat komitəsinin hazırlığının yüksək səviyyədə olduğunu bildirib.

Həmin kateqoriyadan