“İdman psixologiyası: bu günü və sabahı”

Odlar yurdu universitetində “İdman psixologiyası: bu günü və sabahı” mövzusunda maarifləndirici və faydalı tədbir keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev iştirak edərək çıxış edib. O, idman psixologiyasının müasir dövrdə idmançının peşəkar hazırlığında əvəzsiz rol oynadığını vurğulayıb. Ülvi Quliyev qeyd edib ki, yüksək nəticələr yalnız fiziki və texniki bacarıqlarla deyil, həm də düzgün psixoloji hazırlıqla mümkündür. Federasiya rəhbəri əlavə edib ki, Azərbaycan karate federasiyası bu istiqamətdə ardıcıl addımlar atır, milli komandalarda psixoloji dəstək sisteminin təkmilləşdirilməsi və gənc idmançıların zehni dayanıqlığının artırılması üçün xüsusi proqramlar həyata keçirilir.

Tədbirdə AKF-in milli komandasının psixoloqu Gülbəniz Məmmədli idmançılarla işləmək təcrübəsindən danışaraq, psixoloji hazırlığın yarış öncəsi gərginlik, həyəcan və stresin idarə olunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin motivasiya və özünəinamın formalaşması üçün tətbiq olunan metodlardan, fərdi psixoloji yanaşmaların effektivliyindən söz açıb.

Respublika olimpiya idman liseyinin psixoloqu Fatimə Cəfərli çıxışında məktəb yaşlı və gənc idmançılar arasında psixoloji dəstəyin erkən mərhələdən başlamasının vacibliyini qeyd edib. O, idmançının inkişafında valideyn, məşqçi və psixoloq üçbucağının ahəngdar əməkdaşlığının zəruriliyini xüsusi vurğulayıb.

Tədbirdə həmçinin milli komandalarımızın tanınmış idmançıları da iştirak edərək şəxsi təcrübələrini bölüşüblər. Onlar psixoloji hazırlığın uğurlu çıxışlar və beynəlxalq arenada özünü inamla təqdimetmədə böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüş canlı müzakirələr, maraqlı çıxışlar və qarşılıqlı fikir mübadiləsi ilə yadda qalıb.

Həmin kateqoriyadan