İsveç millisinə futbolçu yetişdirən Azərbaycanlı

«Foqtsla müqayisədə, Prosineçkinin çox sadə insan olduğu hiss olunur»

«Futbolumuzla bu sahənin mütəxxəsisləri məşğul olmalıdır. Ümumiyyətlə, futbola yad insanların Məşqçilər Komitəsinə yaxın buraxılmaması əsas şərtdir»

Böyükağa Abbasov, Yaşar Abdulov məktəbinin yetirməsi, daha sonrakı illərdə Ağasəlim Mircavadovun rəhbərliyi ilə Azərbaycanın gənclərdən ibarət milli komandası oynayan Valeh Qafarov, Vaqif Sadıqovun baş məşqçi dönəmində «Neftçi» nin formasını geyinib, Andrey Şevçenko, Sergey Ribrov, Aleksandr Şovkovski və s. tanınmış futbolçularla birlikdə Sovet yeniyetmə yığmasına dəvət almış həmyerlimiz, artıq 13 ildir İsveçdə yaşayır. Mütəxəssis, 8 ildir bu ölkənin gənclərini çalışdırır. Məşçiliyin sirlərini Zlatan İbrahimoviçin müəllimi Oke Kalmberqdən alan həmvətənimiz, hazırda İsveç millisi üçün yeni İbrahimoviçlər yetişdirməkdədir.

– Valeh müəllim, İsveçə gəlişiniz, futbol həyatınızı soyuq Skandinaviyada davam etdirməyinizin səbəbini bilmək istərdim.
– Sakit təbiətli olduğumdan, İsveçdə yaşamaq və futbol oynamaq yeniyetməlik arzularımdandı. Bu Skandinaviya ölkəsi ilə yanaşı, Almaniya, İtaliya və Ukraynada köç edib, o məmləkətlərdə idman karyeramı davam etdirmək istəyirdim. 2002-2003-cü illərdə Azərbaycan futbolunda ab-hava və maddi vəziyyət acınacaqlı duruma düşdü. Qismət belə gətirdi ki, uşaqlıq illərindən yaşamaq istədiyim İsveçi seçdim. Elə o vaxtdan futbol karyeramı burada davam etdirirəm.

– İsveçin hansı klublarında çıxış etmisiniz?
– Düzünü desəm, tanınmış komandalarda futbol oynamaq imkanım olmayıb. Zədə səbəbindən bir müddət böyük idmandan kənar qaldım. «Nordmarks» klubunda futbolçu karyerama son verib, məşqçilik həyatına başladım.

– Hazırda işlədiyiniz «Erebru» klubuna gəlişiniz necə oldu?
– Stokholmda yaşayarkən, CV-mi bir neçə kluba göndərmişdim. «Erebru»dan gələn təklifi bəyənib, bu klubda çalışmağa qərar verdim. Səkkiz ildir işlədiyim klubumdan razılıqla danışa bilərəm. İstədiyim bütün imkanlar, şərait bu klubda mövcuddur. U-14 və U-15 yaşlılarda işləmək nə qədər çətin olsa da, uğur qazandıqca, yəni, yetirmələrim özlərini doğruldub gələcəyin futbolçu namizədləri olduqlarını isbatladıqca, onlarla işləməyə həvəsim hər keçən gün daha artır.

– Bu komandada hansı uğurlara yetişmisiniz?
– Bir çox beynəlxalq yarışlarda iştirak etmişik. Danimarka, İspaniya və Şərqi Avropa ölkələrinə səfərlərimiz olub. Əlbəttə, turnirlərin bir neçə dəfə qalibi və mükafatçısı olmuşuq. Lakin bir şeyi qeyd etmək istərdim: heç bir zaman qarşıma nəticə qazanmaq şərt kimi qoyulmayıb. Klub rəhbərliyinin tək istəyi gələcək istedadların tapılıb, yetişdirilməsidir. Mən də, Azərbaycan, Sovet və İsveç futbolundan topladığım təcrübələrimi birləşdirərək, işimin öhdəsindən gəlməyə çalışıram. 2013 və 2014-cü illərdə 2 tələbəm yığma komandaya dəvət edildi. Bundan böyük nəticə ola bilməz.

– Son zamanlar Azərbaycan millisində islahatlar həyata keçirilir. Bu haqda fikirlərini bilmək istərdik.
– Robert Prosineçki yığmamızda yenidir. Keçmiş kariyerasına diqqət yetirsək, işgüzar məşqçi olduğun görəcəyik. Berti Foqtsla müqayisədə, o, çox sadə insan olduğu hiss olunur. Xorvatiyalı mütəxəssisə öz kariyerası üçün Azərbaycan millisi xüsusi önəm daşıyır. Bu səbəbdən, nəticə qazana biləcəyinə ümid etmək olar. Ancaq əvvəllər də söylədiyim kimi, gənc futbolçularımızın Avropa klublarında çıxış etmələri, gələcək illərdə millimizin daha böyük uğurlar qazana bilməsində əsas şərtlərdən biridir.

– Valeh müəllim, gələcək karyeranızı Azərbaycanda davam etdirmək istəyiniz varmı? Sizə klublarımızdan hansısa təkliflər gəlibmi və ya belə təkliflər olarsa, necə qiymətləndirərdiniz?
– Dubaydan, Estoniyadan dəvət almışam. İtalyanın «Proroma» futbol məktəbiylə əməkdaşlıq etmişəm. Hazırkı klubumdakı şərait və mənə göstərilən diqqətə görə digər təklifləri qəbul etmədim. İtaliyalırla isə, bir müddət təcrübə mübadiləsi məqsədi ilə əməkdaşlıq etmişəm və bundan razı qalmışam. Hazırda onlarla münasibətlərimiz yüksək səviyyədədir. Əgər Azərbaycandan təklif olarsa, Vətənimdə işləmək, həmyerlilərimizi gələcəyin futbolçuları kimi yetişdirmək arzularımı həyata keçirməyə «yox» demərəm.

– Yaradılmış Məşqçilər Komitəsi haqqında fikirləriniz…
– Azərbaycanın ən tanınmış və güclü məşqçilərinin bu komitədə toplanması çox sevindirici haldır. Futbolumuzla bu sahənin mütəxxəsisləri məşğul olmalıdır. Ümumiyyətlə, futbola yad insanların Məşqçilər Komitəsinə yaxın buraxılmaması əsas şərtdir. Bu qurumun böyük işlərə imza atacağının şahidi olacağımıza inanıram.

– İki oğlunuz var. Onların futbola maraqları varmı? Gələcəkdə davamçınız olmasını istəyirsinizmi?
– Böyük oğlum Emilin 6 yaşı var. Avqust ayından, o, futbol təmayullu məktəbdə dərslərə başlayacaq. Futbola olan maraq və həvəsindən ötrü orta məktəbinin məhs futbol təmayüllü olmasına ailədə qərar verdik. Kiçik oğlum Raul hələ baxçaya gedir. Gələcəkdə onun marağının nə qədər böyük olduğunu görə biləcəyəm. Hələliksə, hər 2 övladımı futbol məşqlərimə cəlb edirəm. Boş vaxtlarda birgə futbol oynayırıq.

– Uzun illərdir Azərbaycandan uzaqlarda yaşayırsınız. Ara-sıra Vətənə gəldiyinizi eşidirik. Futbol içtimaiyyətindən kimlərlə görüşürsünüz?
– Azərbaycana il ərzində bir-iki dəfə gəlməyə fürsətim olur. Atamı, qohumlarımızı və rəhmətlik anamın qəbrini ziyarət edirəm. Təbii ki, Vətən torpağını, havasını hiss etmək üçün, Azərbaycana tez-tez gəlməyə çalışıram. Fürsət olduqda, dostlarımla da görüşürəm. Bəzən tanışlarla, köhnə dostlarla görüşmək imkanım olur. Ən çox görüşdüklərim arasında Elnur Əşrəfoğlu, Zaur İsmayılov, Emin Quliyev və Etibar Tanrıverdiyevin adlarını çəkə bilərəm…

– Sizinlə qısa və maraqlı keçən söhbətimizi yekunlaşdırmadan, Bakıda redaksiyamıza dəvətli olduğunuzu bildirmək istərdim. Azərbaycana növbəti səfəriniz zamanı bol-bol suallarımızı cavablandırmağa nə deyirsiniz?
– (Gülür) Növbəti səfərim reallaşsın, niyə də dəvətinizi qəbul etməyim.

Söhbətləşdi: Mənsur Atəş
İsveç. Məxsusi olaraq Allsport.az saytı üçün

Həmin kateqoriyadan