Joze Alesio: Onlarla görüşlər bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu

““Caspian Cup 2019” turnirində Qazaxıstan yığması ilə oyunun əvvəlindən razı qaldım. 3-4 qol epizodu yaratdıq. Ancaq Tiaqo və Kardoso bundan istifadə edə bilmədilər. Əvəzində, qollar buraxdıq. Xüsusilə də 2-ci qolu qeyd edərdim”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal yarışında millinin baş məşqçisi Joze Alesio Da Silva deyib. Braziliyalı mütəxəssis rəqibə 2:5 yenildikləri görüşdə narazı qalıb:

“Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Futzalçılarımızın oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, fürsətlərdən maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim.

Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük faydası oldu. Rəqiblərimiz FIFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda, mühüm təcrübə qazandırdı”.

Həmin kateqoriyadan