- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Kəpəz” ətrafında yaranan “yeyinti qalmaqalı” və bunun məntiqi nəticəsi olaraq klubun müşahidə şurasında yer alan Mikayıl Nərimanoğlunun tutduğu vəzifədən kənarlaşdırılması biabırçı durumda son nöqtə olmayıb. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin baş mühasibi Mənsurə Məmmədova “Futbol+” qəzetinə verdiyi müsahibədə hesabatlarda rəqəmlərin fərqli göstərilməsini bildirib. Bununla bağlı o, AFFA-da olaraq, Elxan Məmmədovla görüşüb və baş katibə məhz özünün sözü gedən dələduzu məsul posta təyin etdiyini xatirladıb. Mühasib, eyni zamanda, bütün maliyyə məsələlərinə görə məsul şəxsin də futbolumuzun “sədri-əzəmi”nin sözaparanın təyin edildiyini söyləyib.
Mənsurə xanım Şahin Diniyevin məvacibi məsələsinə də toxunub. O, mütəxəssin bank kartına hər ay 10500 manat yatırıldığını söyləyib. Amma Diniyev futbolpress.az saytına verdiyi müsahibədə aylıq məvacibinin 7000 manat təşkil etdiyini bildirib. Maraqlıdır ki, daha öncə “Futbol+” mütəxəssisin kartına 10500 manat yatırıldığını, lakin bu pulların 3500 manatının Mikayıl Nərimanoğluya çatdığı iddiası ilə çıxış etmişdi. İndi də mühasib dilə gələrək, həqiqətən də ayda 10500 manatın mütəxəssisin kartına köçürüldüyünü bildirib. Doğrudanmı, ortadakı 3500 manat Mikayıl bəyə çatırmış? AFFA rəhbərliyinin bu məsələdən xəbəri var idimi? Sport24.az saytına verdiyi müsahibədə Şahin Diniyev bir çox mətləblərə aydınlıq gətirib:
– Mənsurə Məmmədova verdiyi müsahibədə kartınıza ayda 10500 manat yatırıldığını bildirib. Siz isə aylıq məvacibinizin 7000 olduğunu iddia etmisiniz. Ortadakı fərq hansı istiqamətə yönəldilirdi?
– Əslində 10500 deyil, 9500-dü. Cəmi bir dəfə 10500 manat pul köçürülüb. O da “Qəbələ” üzərində qələbəyə görə aldığımız mükafatla bağlıdı. Mənə 500 manat mükafat verildi, klubdan bir nəfərin də kartının olmaması səbəbindən eyni məbləğdə vəsait mənə köçürüldü ki, pulu çıxarıb sahibinə çatdırdım.
– Olsun 9500 manat. Ortada 2500 manat qalır axı, Şahin müəllim…
– Klubun bir sıra nəğd yolla ödənilən xərcləri var idi. Mən maliyyəçi deyiləm. Ancaq əlavə xərclərin hansı istiqamətə yönəldiyini deyə bilərəm. Ayda ən azı 12 dəfə ADBTİA-nın stadionunda məşq keçirdik. Hər məşqə görə bizə ciddi güzəştə gedilirdi və 150 manatdan ödəniş edirdik. Bundan əlavə zədəli futbolçuların müalicəsi üçün xərclər var idi. Hər oyun üçün alınan tibbi ləvazimat, habelə yemək, oteldə qalmaq və səfər xərcləri üçün nəğd pula ehtiyac var idi. Bütün bunlara görə, hesabıma 7000 deyil, 9,5 min manat köçürülürdü. Məvacibim isə əvvəlcədən dediyim kimi, 7000 manat təşkil edirdi.
– Ancaq sadaladığınız məsrəfləri bağlamaq üçün 2500 manat yetərli deyil. Belə çıxır ki, “Kəpəz”in digər rəsmilərinin hesabına da əlavə pullar köçürülürdü?
– Sizinlə razıyam ki, aylıq nəğd ödənişlərimiz 2500 manatdan çox idi. Dəqiq hesablama apara bilməsəm də, gözəyarı da görünür ki, daha böyük vəsaitə ehtiyac duyulub. Ancaq kimin kartına nə qədər pul köçməsi ilə maraqlanmadığım üçün bu cür əməliyyatın digər klub nümayəndələri ilə də həyata keçirilib-keçirilməməsini deyə bilmərəm.
– Şahin müəllim, maraqlıdı, bəs, bağladığınız müqavilədə hansı rəqəm göstərilib: 7000, 9500, yoxsa 10500?
– Müqaviləmdəki məbləğ 7000 manat göstərilib. Birmənalı şəkildə bildirirəm ki, Mikayıl Nərimanoğluya “otkat” verməyim haqda yazılanlar həqiqəti əks etdirmir. Yuxarıda da qeyd etdim ki, kartıma köçürülən artıq pul hansı istiqamət üçün xərclənilirdi.
– Klub büdcəsinin smetası tutularkən, təbii ki, məşq üçün meydança, tibbi ləvazimat, gündəlik tələbat, yol, yemək, otel xərcləri də hesablanır. Bəlkə smetada bütün bunlar nəzərə alınıb, lakin eyni istiqamətə ikinci dəfə məsrəflər hesablanıb?
– Bunu bilə bilmərəm axı. Mən məşqçiyəm, işim komandanı hazırlamaqdı. Smetada nələr göstərilib, eyni istiqamətə ikinci dəfə xərclənməsi haqda heç bir informasiyaya sahib deyiləm.