Mahir Məmmədov: 2-3 oyunu şahmatçılarımız uğursuz başa çatdırdılar

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov brifinqdə yarışın yekunları ilə bağlı danışıb. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti onun müsahibəsini təqdim edir:

– Artıq olimpiada bu gün başa çatıb. Mötəbər yarışın yekunlarını necə dəyərləndirərdiniz?
– Bakı Şahmat Olimpiadası tarixin yaddaşına qovuşdu. Əfsuslar olsun ki, yığmalarımız son turda medallar uğrunda mübarizədə iştirak edə bilmədi. Nəticələrin belə alınmasına görə təəssüflənirik. Şahmatçılarımız üçün olimpiadadan öncə hər cür şərait yaradılmışdı. Komandalarımız güclü hazırlıq keçmişdilər. Lakin bu idmandır və hər dəfə arzulanan nəticə qazanmaq mümkün olmur. Ola bilər ki, komandamızda hardasa psixoloji sınma yaranıb. 2-3 oyunu şahmatçılarımız uğursuz başa çatdırdılar. Bununla belə, həyat davam edir.
Olimpiadanın təşkilatı baxımından nəticələr əladır. Təşkilatçılığımız dünya ictimaiyyəti, iştirakçılar, kapitanlar, məşqçilər, oyunçular, FIDE rəsmiləri tərəfindən müsbət qiymətləndirilir. Olimpiadanın gedişində heç bir mənfi hal yaşanmayıb. Yarışların keçirildiyi Kristal Zalda yaradılan sərgi salonu, əyləncə yerləri insanların böyük marağına səbəb oldu. Olimpiada zamanı minlərlə insan, mötəbər qonaqlar sərgi salonunu ziyarət etdi. Əfsuslar olsun ki, olimpiada artıq başa çatdı. Təşkilat və Əməliyyat komitəsinin üzvləri artıq indidən olimpiadanın yekunlaşmasına görə təəssüflənirlər.
Yarışın sponsorlarına dərin minnətdarlıq etmək istərdim. Sponsorların iştirakı olimpiadanı gözəl edən amillərdən biridir. Dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Təşkilat Komitəsi işinin öhdəsindən layiqincə gəldi.

– Əsas milli komandalarımız medal qazana bilməsə də, sevindirici məqamlardan biri də odur ki, qadınlardan ibarət yığmamızın üzvü Gülnar Məmmədova  mübarizə apardığı üçüncü 1-ci yeri tutdu.
– Gülnarın çıxışı haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, xanım şahmatçılarımız yaxşı mənada bizləri təəccübləndirdi. Startdan ardıcıl bir neçə tur məğlub olmadan irəlilədilər.

– Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək Azərbaycana nə verdi?
– Hazırda Bakı şəhəri şahmat yarış meydanına çevrilib. Bu yarışın ölkəmizdə şahmatın inkişafı baxımından sıçrayış edəcəyini söyləyə bilmərəm. Çünki onsuz da ölkəmizdə şahmatın inkişafı göz önündədir. Regionlarda şahmatın inkişafı çox yüksək sürətlə gedir. Bütün təbəqələr, müxtəlif auditoriyalar bu idman növünə böyük maraq göstərir. Hazırda ölkəmizdə şahmat böyük potensiala malikdir. Böyük idmançı və məşqçi ordusu yetişir. Gələcəkdə yüksək səviyyəli şahmatçıların yetişdirilməsi üçün böyük potensial mövcuddur. Valideynlər övladlarını şahmata aparmaqdan qürur duyurlar.
Olimpiadada ikinci və üçüncü komandalarımız əsas yığmadan zəif çıxış etmədilər. Hətta bəzi məqamlarda bizi daha çox sevindirdilər.
2009-2014-cü illər üzrə ölkəmizdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının tam yerinə yetirildiyinin şahidi olduq. Şahmat qarşıdakı illərdə Azərbaycanda daha da inkişaf edəcək. Bundan sonra da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Mətbuatımızın da bu idman növünə marağı gündən-günə artır. Olimpiadanın işıqlandırılmasında yaxından iştirak edən mətbuat nümayəndələrinə minnətdarlıq edirik.

– 2009-2014-cü illər üzrə şahmatın inkişafı ilə bağlı proqramın yüksək səviyyədə yerinə yetirildiyini vurğuladınız. Yaxın gələcəkdə yeni inkişaf proqramının qəbul olunmasını gözləmək olar?
– Dəqiq bir söz deyə bilmərəm. Onsuz da əvvəlki proqram ölkəmizdə şahmatın inkişafına təkan verib. Bu idman növü ölkəmizdə ən yüksək səviyyəyə qaldırılıb. Məktəblərdə şahmat tədris olunmağa başlayıb. Xüsusən də Naxçıvanı, digər regionlarımızı nümunə kimi göstərmək olar.

– FİDE yüksək təşkilatçılığa görə sizə xüsusi mükafat təqdim edib. Bu barədə məlumat verməyinizi istərdik…
– Bu günlərdə FİDE-nin konqress iştirakçılarının, kapitanların, rəsmi nümayəndələrin qəbulu oldu. Həmin tədbirdə mənə kiçik bir mükafat verildi. Amma bu mükafat tək mənim yox, bütövlükdə Əməliyyat Komitəsinin uğurudur.

Həmin kateqoriyadan