- Baxış sayı: 24
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mikayıl Nərimanoğlu AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, “Futbol dünyası” qəzetinin baş redaktorudur. Allsport.az xəbər verir ki, 2010-cu ildən isə Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir.
1965-ci ildə Zəngilan rayonunda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Zavod həyatı”, “7 gün”, “İki sahil”, “Sərhəd”, “Aydınlıq”, “Qarabağ”, “Olimpiya dünyası”, “525-ci qəzet”, “Səs”, “Yeni Azərbaycan”, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti” və digər mətbuat orqanlarında yazıları dərc olunub.
Bu gün 50 yaşını qeyd edən əməkdar jurnalist qol.az saytının müxbiri ilə söhbətləşib.
– Mikayıl müəllim, yazı yazmağa meyliniz nə vaxtdan yaranıb?
– Orta məktəb dövründən yazı-pozu ilə məşğul olurdum. Ancaq mütəmadi olaraq 1985-ci ildən mətbuat orqanlarında çıxış edirəm. 1988-ci ildən bu günə qədər isə tam mətbuat sahəsində çalışıram. Yadıma gəlir, məktəb vaxtı bir pyes yazmışdım.Ancaq onu çap etdirmədim.
– Orta məktəbdə oxuyarkən ağlınızdan nə keçirdi, jurnalist olmağı düşünürdünüzmü?
– İnsan hansısa peşəyə öz daxili istəyini həyata keçirmək üçün gəlməlidir. Uşaqlıqdan məndə yazıya meyillilik var idi. Hansı ki, nəslimizdə humanitar sahədə çalışan olmayıb. Mən evin kiçik övladıyam. Məndən böyük bacı və qardaşlarım, valideyinlərim texniki sahələr üzrə işləyib. Ancaq mən görürdüm ki, yazı-pozuya meylim çoxdur.Daxili istəyim nəticəsində bu sahəyə gəlmişəm.
– Nə vaxtsa futbolçu olmaq həvəsinə düşmüsünüz?
– Bütün oğlan uşaqlarında qeyri-adi xüsusiyyət olur. İstənilən oğlan uşağının qarşısına topu qoysan, qeyri-ixtiyarı olaraq topa ayaqla toxunmağa can atır. Əlbəttə ki, məndə də maraq olub.
– Tutduğunuz vəzifə ilə bağlı sərbəst yaradıcılıqdan uzaqlaşmısınız. Bu, sizi sıxmır ki?
– Düz buyurursunuz, çətindir. Biri var ki, jurnalist masası, biri də var, məmur. Mətbuat xidməti məmur masasıdır. Ancaq imkan olan kimi sərbəst yaradıcılıqla da məşğul oluram. Son illərə aid bir neçə yazılarım var. Təbii ki, işin ağırlığı, vaxt darlığı buna çox mane olur. Ancaq peşəm jurnalistdir. Sadəcə olaraq masam dəyişib. Sözsüz ki, bunun yaradıcığıma böyük təsiri olub.
– İndi daha çox hadisələrin içindəsiniz. Yəni daha çox yazmaq imkanınız var. Ancaq əvvəlki kimi yaza bilmirsiniz…
-1985-ci ildən jurnalistikaya başlamışam. On il ərzində sırf jurnalist kimi fəaliyyət göstərmişəm. Dövlət başçısı ilə ölkə xaricində və daxilində səfərlərə gedən jurnalistlerden biri olmuşam.Jurnalistika mənim üçün çox maraqlı olub. Ancaq o vaxt bu qədər informasiyam yox idi. Bu gün məlumatım çoxdur. Çünki mən həm də məmuram. Elə buna görə də baş verənlərə jurnalist kimi yox, məmur kimi yanaşmalıyam. Əgər əvvəl hansısa problemdən yazırdımsa, indi onun həlli ilə məşğulam. Eyni zamanda xəbərin KİV-lərə çatdırılması mexanizmini də tənzim etməliyəm.
– AFFA-ya gəlişiniz milli komandamızın tənəzzül vaxtlarına təsadüf edir (2005-ci il). Mətbuatın kəskin tənqidləri zamanı işə başlamaq nə dərəcədə çətin oldu?
– O dövrdə millimiz Polşaya 0:8 hesabı ilə uduzmuşdu. Çox çətin vəxiyyət idi. Hətta AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev məni bu çətinliklərə görə dəvət etdi. Mən bu çətinliyi bilirdim. Ramiz müəllim xeyli söhbətdən sonra mənə dedi ki, ola bilər burdakı işin ağırlığından qorxarsan. Həmin o “qorxarsan” sözü mənim bu günə qədər AFFA-da işləməyimə zəmin yaratdı.
– Yəni AFFA-ya gələndə tərəddüd edirdiniz?
– Tərəddüd var idi. Başqa sahəyə gəlsəydim, tərəddüd çox olardı. Mətbuat xidməti elədir ki, gərək iş qurmaq bacarığın olsun. Təbii ki, mən AFFA-ya gələndə hər şey tam fərqli idi.AFFA-nın saytı yox idi. Sonra AFFA-nın mətbuat orqanı yarandı. Daha sonra internet televiziyası fəaliyyətə başladı. Bu işə gələndə çətinlikdən çıxmaq üçün qarşıya qoyduğum planlar var idi. Rəhbərliyə fikrimi çatdıranda bildirdim ki, mənə etimad göstərirsinizsə, filan işlər görülməlidir. Çox şadam ki, qısa vaxtda dövlət proqramında mətbuat xidmətinin rolu ilə bağlı bütün məsələlər xeyli müddət əvvəl həllini tapdı. Bizim affavideo layihəmiz o dövrdə UEFA-nın ən yaxşı media layihəsi kimi qiymətləndirildi və bununla bağlı AFFA-ya həm təşəkkürnamə elan olundu, həm də bu işləri genişləndirmək üçün vəsait ayrıldı. Layihə AFFA-ya qazanc gətirdi. Affatv ilə də Avropada ilkə imza atdıq. UEFA-da bir sıra başqa layihələrində də AFFA birinci olub. İrqçiliyə qarşı futbolçulardan hazırlanmış videoçarx ilk dəfə AFFA tərəfindən təqdim olundu. Bu yaxınlarda yeni saytımız fəaliyyətə başladı. Əvvəlki saytlarımızı birləşdirmişik. Bizim saytımız həm də marketinq sahəsində çalışır. Artıq biletləri onlayn satışını da təşkil edirik. Saytımız çox genişlənib.
– AFFA-nın media ilə münasibətləri necədir?
– Media ilə münasibətlər pisdir desəm, düz olmaz. Desəm ki, istənilən səviyyədədir, bu da doğru olmaz. AFFA-nın mediaya münasibətini normal hesab edirəm. Çünki hər hansı jurnalist hətta təhrif olunan faktlara görə AFFA tərəfindən məhkəməyə verilməyibsə, onlara qarşı ciddi tədbir görülməyibsə, bu, bizim mətbuata açıq olmağımızı göstərir. Jurnalistlərlə söhbətimdə birmənalı şəkildə bildirmişəm ki, istənilən tənqidi yaza bilərsiniz. AFFA tənqidlərə açıqdır. Əgər tənqid obyektivdirsə, ondan nəticə çıxarırıq. Subyektiv fikirlərə, hansısa təhrif olunan faktlara isə AFFA münasibət bildirmir.
– Siz medianı nədə tənqid edərdiniz? Yəni sırf idman mediasının bugünkü durumunu necə qiymətləndirirsiniz?
– Bəziləri bilərəkdən elə məlumatlar yayırlar ki, buna etiraz etməsən olmur. Bilirlər ki, səhvdir, ancaq yenə yazırlar. Konkret bir fakt deyim. Yaşar Vahabzadə Məşqçilər Komitəsinin təqdim etdiyi siyahıda birinci yerdə idi. Bunu hamı bilirdi. Amma çoxları bu fakti danırdı.Tənqid etmək asandır. Lakin yaxşı jurnalist çıxış yolunu da göstərməlidir. Təcrübəmə əsasən deyirəm ki, sırf tənqid xatirinə yazanlar çoxdur. Belə tənqidlərin futbolun inkişafına heç bir xeyri yoxdur. Tənqidə açıq olmaq lazımdır. Əgər futbolumuz bizi qane etmirsə, niyə bunu tənqid etməyək? Elə jurnalistlər var ki, yazdıqları faktın dəqiqliyini bilmir. Bəzən deyirlər ki, filan məsələni sonradan bildim. Bəs niyə sonra yazdıqlarını təkzib etmirlər? Sizə bir misal çəkim. Milli komandamızın Donetsk “Şaxtyor”u ilə yoxlama oyunu ərəfəsində bir çoxları rəqibin əvəzedici heyətlə oynayacağını yazdı. Ancaq oyundan sonra heç kim yazmadı ki, biz əvvəl belə deyirdik, meydanda isə əsas komandanı gördük. Bunu yazmağa da cəsarət lazımdır. Bu gün bizim mətbuat hakimlərimizi tənqid edir. Bildirirlər ki, onlara UEFA tərəfindən az oyun verilir. Gəlin görək, Azərbaycan mediasından beynəlxalq oyunlara neçə nəfər gedir? Bizim jurnalistlər futbolu yetərincə bilirlər, təşkilatı işlərdə qabiliyyətlidirlər. Ancaq bəzi məsələlər onlara beynalxalq arenada mətbuat işçisi kimi sözünü deməyə imkan vermir. Onlardan biri də ingilis dilini bilməməkləridir. Biz jurnalistlər üçün ingilis dili kursları açdıq. O qədər az sayda müraciət olundu ki, açdığımız kursun müddətini uzatdıq. Belə etdik ki, heç olmasa bir neçə jurnalist yığılsın.
– Futbolumuzda sizi narahat edən məsələlər nədir?
– Narahat olmalı məsələlər çoxdur. Milli komandamız cari seçmə mərhələdə dörd oyundan bir xal belə toplaya bilməyib. Buna necə narahat olmayaq?
– Milli komadamızdan söz düşmüşkən, bir çox məşqçilərlə çalışmısız. Onlardan hansı ilə işləmək daha maraqlı olub?
– Jurnalist üçün istənilən məşqçi ilə işləmək maraqlıdır. Çünki sən başqa peşə sahibi olursan, onlar da ayrı. Karlos Alberto Torresdən tutmuş Robert Prosineçkiyə qədər işlədiyim bütün məşqçilərlə maraqlı anlarımız olub. Hər biri insani dəyərlərinə görə fərqlidir. Hər biri futbolçu olub. Futbola və mətbuata baxışları da fərqlidir.
– Baş redaktoru olduğunuz “Futbol dünyası” qəzetində işlər necə gedir?
– Bu qəzet dövlət proqramına uyğun olaraq yaradılıb. Sırf futbolunun informasiyasına xidmət edir. “Futbol dünyası” qəzeti yaranana qədər idman mətbuatında fotoların keyfiyyəti çox aşağı idi. Bu sahədə peşəkarlar yox idi. Bizim qəzet bu sahədə öz sözünü dedi. Qəzetimiz yeganə mətbuat orqanıdır ki, U-10 liqasından tutmuş U-19-a qədər olan bütün oyunlarla bağlı informasiya verir. Yəni qəzetin məqsədi sırf futbolun təbliği və görülən işlərin ictimaiyyətə çatdırılmasıdır.
– Ömrünüzün yarısından çoxunu mətbuata sərf etmisiniz. Bu işin bütün çətinliklərini bilirsiniz. Övladlarınızın sizin sənəti davam etdirməyini istərdinizmi?
– Artıq övladlarımın ikisi ali məktəbi bitirib. Biri isə bu il orta məktəb məzunu olacaq. Onların hər biri öz yolunu seçib. Bizim ailəmizdə həmişə müstəqil seçim olub. Ona görə də uşaqlara həmişə demişəm ki, vaxtı gələndə öz peşənizi özünüz seçərsiniz.Elə belə də oldu. Artıq onlar öz istiqamətlərini seçiblər. İnsan ürəyi istəyən səviyyədə yaşamaq üçün ürəyi istəyən peşəni seçməlidir. Onda insan xoşbəxt olur. Mən nə qədər işləsəm də, yorulmuram. Çünki peşəmi sevirəm. İşin çoxluğu ilə bağlı normal məzuniyyət də götürə bilmirəm. İş zövqə çevriləndə insan yorulmur. Bir çox dahi insanlardan müsahibə almışam.Onların bəziləri öz peşəsini sevmədiyini deyib. Bu, mənə çox qəribə gəlir. Düşünürsən ki, yəqin elmin yüksək səviyyəsinə çatan bu insanlar işlərini çox sevir. Ancaq onlardan fərqli cavablar almışam. Bax bu, çox çətindir. Ona görə də övladlarıma sərbəstlik verdim.
– Əlli illik ömrünüzü necə xarakterizə edərdiniz?
– Həyatın yolları kimi insan ömrü də dağlı-dərəlidir. Həmişə insanlara arzulamışam ki, birinci onu yaradanın qədrini bilsinlər.Yəni valideynlərinin. Hər bir insanın həyatında xoş gün də olur, ağır gün də. Heç kim xoş günündə qürrələnməsin. Pis günündə isə acizləşməsin, bir az məğrurlaşsın. Həyatın yolları düz deyil. Yaxşı günün qədrini bilib, pis günə hazır olmaq lazımdır.