Ölkənin ən güclü taekvondoçuları “Sərhədçi”yə toplaşacaq

Taekvando federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində ölkə birinciliyi və çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2000-2002-ci il təvəllüdü gənclər arasında respublika birinciliyi yanvarın 17-19-da təşkil olunacaq. Bir gün sonra ustalar mübarizəyə başlayacaq və bu rəqabət 2 gün davam edəcək.

Yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları çıxış edəcəklər. Birincilik və çempionat ölkəmizdə taekvandonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvando bölmələrinin işinin təkmilləşdirilməsi, gənclər və böyüklər arasında yığma komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Mücadilədə 8 çəkidə kişi və qadın taekvandoçular, birincilikdə isə 10 çəki dərəcəsində oğlanlar və qızlar dayanqa çıxacaqlar. Turnirlərdə yüksək yerləri tutan idmançılar və komandalar diplom və medallarla təltif olunacaqlar. Respublika birinciliyi və çempionatında “Daeodo” beynəlxalq taekvando, həmçinin “video-təkrar” sistemləri tətbiq olunacaq.

Həmin kateqoriyadan