Andrey Popoviçdən təsəlli: “Qəbələ” ilk dəfə üçün Avroliqanın qrup mərhələsində layiqli çıxış etdi”

“Qəbələ”nin qapıçısı Andrey Popoviç Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Rusiya “Krasnodar”ına qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları görüşdən sonra həm bu görüş, həm də avrokubokların yekunları ilə bağlı bunları söyləyib:

– “Krasnodar”la oyun mənim üçün Avroliqada debüt matçım idi. Əlbəttə, təəssüf ki, debütüm uğurlu alınmadı. Amma belə oyunlar təcrübə toplamağa kömək edir. Bütövlükdə isə “Qəbələ” ilk dəfə Avroliqanın qrup mərhələsində çıxış edirdi. Fikrimcə, layiqli təsir bağışladıq.

– İkinci qolu buraxdığınız epizodda nə baş verdi?
– Maurisio Pereyranın zərbəsi nəticəsində top düz üstümə gəlirdi. Təbii ki, həmin zərbəni dəf edə bilməməyim sırf mənim səhvim idi. Futbolda belə hallar olur. Həmin epizodu analiz edib, oxşar səhvləri gələcəkdə təkrarlamamağım lazımdır.

– Qrupda hansı rəqiblə oyun daha çox yadınızda qaldı?
– Rəqiblərimizin hamısı yaxşı və güclü komanda idi. Amma təbii ki, Dortmund “Borussiya”sı ilə oyunlar, “Siqnal İduna Park”dakı atmosfer tamamilə fərqli idi.

– Qrupunuzu qalib başa vuran “Krasnodar”la “Borussiya”dan hansı daha uzağa gedə biləcək?
– Mənə elə gəlir ki, “Borussiya” ümumiyyətlə Avroliqanın favoritidir. Təbii ki, Bundesliqaya üstünlük verməsələr. “Krasnodar” da baxımlı futbolu ilə uzağa gedə bilər.

– Bu mövsüm Azərbaycanın iki klubu qrup mərhələsində çıxış etdi. Bu, ölkə futbolunun inkişafıının nəticəsidi sayıla bilər?
– Azərbaycanda futbol inkişaf edir. “Qarabağ” artıq ikinci ildir ki, Avroliqanın qrupuna vəsiqə qazanırdı. Hər ikisində də pley-offa çıxmağa çox yaxın oldu. Bizim üçün isə ilk dəfə olsa da, böyük təcrübə topladıq. Fikrimcə, bu, böyük uğurdur.

Həmin kateqoriyadan