Əyalət komandasında 4 yeni məşqçi

“Qəbələ”nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək.

Onlardan biri – Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi komandada yeni işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də baş məşqçi ilə birgə çalışıb. 1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi “Zvezda” (Kirovoqrad), “Prikarpatye” (İvano-Frankovsk), “Bukovina” (Çernovtsı), “Metallurq” (Zaporojye), “Karpatı” (Lvov), “Kaluş” və Slovakiyanın “Slobod” klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi “Texno-Sentr” (Roqatin) və “Energetik”ə (Burştın) rəhbərlik edib.

2011-ci ilin yayından “Qəbələ”yə gələnədək “Çernomorets”də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) çıxış edib. “Borisfen-2” (Borispol), “Boreks-Borisfen” (Borodyanka), “Borisfen” (Borispol), “Metallurq” (Donetsk),”Knyaja” (Sçastlivoye), “Prikarpatye” (İvano-Frankovsk) klublarında baş məşqçi, “Lvov”da köməkçi kimi çalışıb.

“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi “Torpedo” (Zaporojye), “Zvezda” (Kirovoqrad), “Metallurq” (Zaporojye) və “İliçevets”də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko “Metallurq”da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında “Çernomorets”ə keçən gənc çalışdırıcı “qırmızı-qaralar”la anlaşanadək bu klubda işləyib.

Digər mütəxəssis Anatoli Korotiya “Qəbələ”də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq. (klub saytı)

Həmin kateqoriyadan