- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya qarşılaşması millimizin kapitanı Rəşad Sadıqovun karyerasında 100-cü oyun oldu. Allsport.az bu qarşılaşmadan əvvəl Rəşad Sadıqovun Azərbaycan – İtaliya oyununun rəsmi proqramı üçün verdiyi müsahibəni diqqətinizə çatdırır:
Onun haqda çox danışmaq, çox yazmaq olar. Özünün dediyi kimi, gənc yaşlarında perspektiv vəd etməyən futbolçulardan olub. Ancaq təslim olmayıb, bütün çətinliklərə sinə gəlib, əzmkarlıq nümayiş etdirib, bir insan kimi əsl iradəsini ortaya qoyub. Əldə etdiyi bütün uğurları öz istəyi və halal zəhmətiylə qazanb. Təbii ki, söhbət Azərbaycan futbolunun ən yaxşı futbolçularından biri olan Rəşad Sadıqovdan gedir. Məşqçilərin də hər zaman güvəndiyi futbolçulardan olan Sadıqov bir çox insanı keyfiyyətlərə, liderlik bacarığına malikdir. Bunun nəticəsidir ki, istər klubunda, istərsə də milli komandada kapitanlıq sarğısı məhz ona həvalə edilib. İndiyədək 99 dəfə tərlətdiyi milli formanı İtaliya ilə görüşdə 100-cü dəfə qürurla geyinəcək. 4 qat dünya çempionuna qarşı oyun ərəfəsində Rəşadla söhbətləşdik, keçmişi vərəqlədik, millidə keçirdiyi oyunlara nəzər yetirdik.
– Uşaqikən arzuladığın peşə var idimi?
– İdmana böyük marağım olub. Basketbol, güləş, cüdo, futbol, tenis, voleybol. Belə demək mümkündürsə, idmanın “xəstəsi” olmuşam.
– Rəşad Sadıqov üçün uğur qazanmağın əsas qaydası nədir?
– Həmişə ən böyük yardımı Allahdan diləmişəm. Əzmkarlıq, sadəlik və çox çalışmaq. Məncə, uğur qazanmağın əsas formulu budur. Ola bilər, çox çalışmayasan, amma tələb olunan normanı yerinə yetirməlisən. Futbola başlayanda potensialım yüksək qiymətləndirilmirdi. Yəni 15-16 yaşımda perspektiv vəd edən oyunçu deyildim. Yuxarıda qeyd etdiklərimə əməl edib Azərbaycan səviyyəsində müəyyən uğur qazanmışam.
– Ən vacib oyunlardan əvvəl nə düşünürsən?
– İnsanın beynində fərqli-fərqli fikirlər olur. Həmişə təmkinli və istəkli oluram. Ən əsası, meydanda nizam-intizama xüsusi diqqət ayırmalısan. Dəfələrlə nizam-intizamı pozmuşam və ya məşqçinin tapşırığından çıxmışam. Həmin vaxt oyunum alınmayıb. Əsəblərini cilovlamağı bacarmalısan, istəkli olmalısan. Bunlar olmasa, meydana çıxmağa dəyməz.
– Özündən güclü birini məğlub etməyin sirri nədir?
– Uşaq yaşlarımdan bəri özümdən güclülərə, böyüklərə qarşı mübarizə aparmışam. Bu zaman daha yaxşı motivasiya oluram, iradəmi, istəyimi ortaya qoyuram. Qarşımdakına hiss etdirirəm ki, meydana məğlub olmaq üçün çıxmamışam. Mübarizə vaxtı rəqib sənin əlindən bezməlidir. Özümdən güclü ilə qarşılaşanda bu keyfiyyətlərə diqqət yetirirəm. Yəni rəqibin səni nə qədər əzsə də, döysə də, təslim olmursan, yenidən ayağa durub mübarizə aparırsan. Məhz bundan sonra üstünlük sən tərəf keçə bilər.
– Hansı bəhanə uğursuzluğu ört-basdır edir?
– Məncə, dərrakəli insan heç vaxt bəhanə uydurmamalıdır. Hər zaman səhvini boynuna almalı və yeri gələndə etiraf etməlidir. Səhvini nə qədər ört-basdır etsən də, öz-özünlə tək qalanda vicdanına cavab verməli olacaqsan. Ola bilər insan şəxsi həyatındakı səhvini kimdənsə gizlətsin, amma işindəki uğursuzluğu etiraf etməlidir.
– Hamıdan gizlətdiyin bir sirrin varmı?
– Təbii ki, hər insanın olduğu kimi mənim də özümə görə sirrim var.
– Rəşad Sadıqovun reallaşdıra bilmədiyi arzusu qalıbmı?
– Məndə həmişə istək olub. Demək olar ki, xüsusi bir arzum olmayıb, amma qarşıma qoyduğum məqsədə çatmalıyam. Uşaq vaxtı çox arzularım olub. Böyüdükdən, özümü dərk etdikdən sonra nəyisə arzulamamışam. Qarşıma konkret məqsəd qoymuşam və ona çatmaq üçün mübarizə aparmışam.
– İndiyədək həyatının ən səhv qərarı hansını hesab edirsən?
– İstər həyatımda, istərsə də karyeramda çox səhvlərim olub. İnsan səhvdən sığortalanmayıb. Çox təəssüf ki, insanların çoxu səhvlərini etiraf etmirlər. Bəzən 1-2 səhvləri olduğunu bildirirlər. Əslində, biz insanlar çox səhvlər edirik. Karyeramda ən böyük səhv isə “Kayserispor”dan o şəkildə ayrılmağım oldu. Buna cavanlıq səhvi deməzdim. Cavan olsam belə, bu cür səhv etməməliydim. Sevildiyim, mənə inam olduğu yerdə öz problemlərimi özümdə boğa bilmədim, nəfsimə tabe olub klubdan ayrıldım.
– İnsanın ən böyük düşməni kimdir?
– Təbii ki, insanın ən böyük düşməni şeytandır. Yarandığı gündən onun əsas məqsədi insanları yolundan çıxartmaqdır. Biz insanların da əsas mübarizəsi məhz onunladır. Digər tərəfdən, insana ən böyük ziyanı məhz özü vurur. Belə demək ümümkünsə, şeytandan sonra insanın ən böyük düşməni özüdür. Harada düz qərar verməlidirsə, nəfsinə tabe olur, yanlış qərar qəbul edir. Bir müddətdən sonra peşman olsan da, sonrakı peşmançılıq fayda vermir.
– Həyatında nəyi təsadüfi hesab edirsən?
– Heç nəyi təsadüf hesab etmirəm. Həyatımda yaxşı şeylər çox olub. Ona görə mənə belə bir həyat nəsib etdiyi üçün həmişə Allaha şükür etmişəm. Təəssüf ki, biz insanlar Allahın bizə verdiyi nemətlərın çoxunu dərk etmirik. Həyatımda baş verənlərin heç biri təsadüf deyil. Hər birinin nəsə bir səbəbi var.
– Kimə həsəd aparırsan?
– Əlbəttə, böyük idmançılar var ki, mən də istəyirəm onun yerində olum. Yerimizi dəyişsinlər, “mən Messi olum, o Rəşad” – bunu heç vaxt istəmizdim. Ancaq Rəşad olaraq Messinin yerində olmaq istəyərdim.
– İndiyədək gördüyün hansı işdən qürur duyursan?
– Qürur duymaq bizə aid olan bir şey deyil. Təbii ki, bəzən çətin bir vəziyyətdə düzgün qərar verib həmin situasiyadan çıxırsan. Bunun üçün də Allaha şükür edirsən. Həyatımda böyük anlam daşıyan belə anlar olub. Hərdən onları düşünüb düzgün qərarlar verdiyim qənaətinə gəlirəm. Qürur duymaq Allaha məxsusdur.
– Hansısa əsərin və ya filmin qəhrəmanı olmaq istərdinmi?
– Bəzən hansısa filmə baxdıqdan sonra təsir altına düşürsən və 1-2 gün özünü həmin adamın yerində hiss edirsən. Misal üçün, “Qladiator” filmində Maksimusun yerində olmaq istərdim. Şücaət, səmimiyyət, qəhrəmanlıq nümayiş etdirir.
– Gələcəkdə təklif olarsa, özünü kino sahəsində sınamaq istərdinmi?
– İstəməzdim. Təklif yox, belə fikir bildiriblər ki, bəlkə özümü bu sahədə sınayım. Konkret bununla bağlı hər hansı bir istəyim yoxdur və olmayıb. Amma gələcəyin işini bilmək olmaz. İnsanın ağlına zaman-zaman yeni fikirlər gəlir. Bu gün belə bir fikrim yoxdur.
– Dünya futbolunda bir çox məşhur futbolçu istər həyatı, istərsə də karyerası ilə bağlı kitab yazır. Sən də Azərbaycanda kifayt qədər tanınmış futbolçusan. Gələcəkdə sənin də belə bir planın varmı?
– Sözün düzü, belə fikrim yoxdur. Amma çoxları deyir ki, kitab yazsan, maraqlı olar. Rəngarəng karyeram olub. Karyeram ərzində maraqlı hadisələr çox olub. Əslində, “15-16 yaşda perspektiv vəd etməyən bir gəncin milli komandanın kapitanlıq səviyyəsinə yüksəlməsi və s.” dair fikirləşib nəsə bir şey yazmaq olar. Karyeramı bitirdikdən sonra bu barədə düşünəcəm.
– İndiyədək bir çox jurnalistlə üz-üzə gəlmisən, yüzlərlə müsahibələr vermisən, müxtəlif suallarla qarşılaşmısan. Maraqlıdır, hansı sual səni daha çətin vəziyyətə salıb?
– Belə suallar çox olub, amma gərək fikirləşim, yadıma salım sonra deyim. Məni ən çox sarsıdan suallar olmayan şeyin soruşulmasıdır. Məsələn, dünən filan yerdə olmadığım halda məndən bununla bağlı nəsə soruşurlar. Etmədiyim bir şeyə görə ittiham olunuram. Çalışıram bu cür suallara cavab verməyim. Qarşımdakı insan o sualı verirsə, deməli, nəsə məqsədi var və ya özünün də xəbəri olmadan kiminsə sifarişini yerinə yetirir.
– Bir qədər də milli karyeran haqda… İlk dəfə millidə oynamaq təklifi gələndə reaksiyan necə olmuşdu?
– İlk dəfə Şahin Diniyevin rəhbərliyi altında U-18 yığmasında oynamışam. O yığmanın seçmə mərhələ oyunları başa çatdıqdan sonra olimpiya yığmasına dəvət olundum. U-21-də 2 oyun oynadım. Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasını 1:0 hesabı ilə məğlub etdik. Ramal Hüseynov fərqlənmişdi. Həmin oyundan sonra məni əsas milliyə dəvət etdilər. Fərrux İsmayılovla bir otaqda qalırdıq. Çox həyəcanlı idim. Stadiona gəldik, möhtəşəm atmosfer vardı. Makedoniyanın əsas yığmasıyla qarşılaşırdıq. Oyun 1:1 hesabı ilə başa çatdı. Cəmi 18 yaşım vardı. Baş məşqçi İqor Ponomaryov idi. Ancaq həmin oyunda oynamamışdım.
– Millidəki ilk oyununu necə xatırlayırsan?
– Milli komanda səfərdə İsveçrə yığmasıyla qarşılaşmağa hazırlaşırdı. Məni də yığmaya dəvət etmişdilər. Kamal Quliyev sarı vərəqə limitini doldurmuşdu. Sağ cinah müdafiəçisi yox idi. Komandamız 5 müdafiəçi sistemiylə oynayırdı. Ponomaryov məndən soruşdu ki, “sağda oynaya bilərsən”? Dedim ki, “hansı mövqedə tapşırıq olsa, orada da oynayaram”. Həmin oyunda mənə şans verdi və İsveçrə yığmasının məşhur oyunçusu Lyunberqə qarşı oynadım. Daha sonra yığmada dəyişiklik oldu. Vaqif Sadıqov baş məşqçi təyin olundu. V.Sadıqov mənə çox inandı. Mütəmadi olaraq, əsas heyətdə şans verməyə başladı. Vaqif müəllim də 2 oyundan sonra getdi, Əsgər Abdullayev gəldi. Ə.Abdulleyev gələndə mən artıq millinin əsas üzvünə çevrilmişdim. O da mənə çox inandı, şans verdi. Beləliklə, milli komanda karyeram başladı.
– Millidə unuda bilmədiyin bir oyun varmı?
– Belə oyunlar çox olub. Foqtsun dövründə Bakıda Türkiyə yığmasına qarşı oyunumuz çox prinsipial idi mənim üçün. Həmin dövrdə yığmada atmosfer çox pis idi. Ardıcıl 3 oyunda məğlub olmuşduq. Hətta Berti Foqtsun istefaya getməsi gündəmdə idi. Oyundan əvvəl komanda olaraq çox müzakirə apardıq. Nəyin bahasına olursa-olsun qalib gəlməliydik. Mənim vurduğum qol sayəsində vacib qələbə qazandıq. Sonrakı oyunlarda özümüzə daha çox inandıq. O oyun mənim üçün unudulmaz, hər birimiz üçün kritik idi. Pis baxımdan unudulmaz çox oyunlarımız var. Onları xatırlamaq istəmirəm.
– 99 oyunda 4 qol vurmusan. Bu qollardan yəqin ki, Türkiyə yığmasının qapısından keçirdiyin topu daha çox bəyənirsən, əhəmiyyətli hesab edirsən…
– İlk qolumu Uels yığmasının qapısından keçirmişəm. O da əhəmiyyətli qol idi. Həmin qoldan sonra çox insanların diqqətini cəlb etməyə başladım. O qolun da öz xüsusi anlamı var. Ancaq əlbəttə ki, Türkiyə yığmasına vurduğum qol daha əhəmiyyətli idi.
– Millidə ən yaxşı oyununu hansı komandaya qarşı oynadığını düşünürsən?
– 99 oyun arasında bunu xatırlamaq bir az çətindir. Fikirləşirəm ki, ilk oyunumda İsveçrə yığmasına qarşı pis çıxış etməmişdim. Bakıda İngiltərə, səfərdə İsrail komandalarına qarşı yaxşı oynadığımı düşünürəm. 5-10 oyun seçmək olar ki, həqiqətən oyunum daha yaxşı alınmışdı. Yəqin ki, uğursuz oyunlarımın sayı daha çoxdur (gülür). Amma uğurlu oyunlarım da az olmayıb.
– Milli komandada indiyədək bir çox futbolçu ilə çiyin-çiyinə oynamısan. Hansı futbolçu ilə oynamaq sənin üçün daha rahat olub?
– Çox futbolçu var ki, onlarla oynamaq həqiqətən xoş olub. Tərlan Əhmədovun, Mahmud Qurbanovun, Qurban Qurbanovun, Zaur Tağızadənin adını çəkə bilərəm. Onlar təcrübəli olmaqla yanaşı, həm də xarakterli insanlar idi. Liderlik xüsusiyyətləri vardı onlarda. Meydana həmişə qələbə əzmi ilə çıxırdılar. Onlarla çiyin-çiyinə oynamaq çox xoş idi. Misal üçün, o nəsildən Vidadi Rzayevi də qeyd edərdim. Düzdür, onunla millidə birgə oynamadıq, amma klubda birlikdə oynamışıq. İndiki nəsildən Kamran Ağayevi qeyd edərdim. O qapıda dayananda özümü daha rahat hiss edirəm. Son illərdə Bədavi Hüseynovla tandem təşkil edirik. Bir-birimizi yaxşı başa düşürük, məni tez-tez sığortalayır.
– Dünya futbolunda tanınan 3 məşqçinin – Karlos Alberto Torres, Berti Foqts və indi də Robert Prosineşkinin rəhbərliyi altında milli komandada futbol oynayırsan. Ayrı-ayrılıqda hər üç məşqçini necə dəyərləndirirsən?
– Tamamilə fərqli məşqçilərdir. Torreslə Prosineçkinin oyun üslubu hardasa biri-birinə bənzəyir. İkisi də hücum futbolu istəyir. Fərqləri odur ki, Prosineçki futbolçuları daha yaxşı tanıyır. Onların psixologiyasını daha yaxşı bilir. Torres bəlkə də yığma karyeramda mənə ən çox inanan məşqçi olub. Düzdür, Prosineçki də mənə çox inanır. 6 il Berti Foqtsun rəhbərliyi altında oynamışam, kapitan olmuşam. Ümumi götürsək, son 3 oyundakı məğlubiyyəti nəzərə almasaq, onun millidəki karyerasının pis alınmadığını düşünürəm. Hər şeçmə mərhələdə nəticəmizi bir qədər də yaxşılaşdırırdıq. Təbii ki, hər məşqçinin rəhbərliyi altında müsbət məqamlar olduğu kimi, mənfi çalarlar da olur. Adam pis şeylərdən danışmaq istəmir. Mənim səhvim olduğu kimi, məşqçinin də müəyyən səhvləri olub. İş olan yerdə səhv mütləq olacaq. Düşünürəm ki, o, Azərbaycan futboluna az fayda verməyib. Biz futbolçular, əlimizdən gələni etdik ki, onun etimadını doğruldaq.
– Səncə, futbolda nəticə vacibdir, yoxsa baxımlı oyun?
– Nəticə daha vacibdir. Çünki insanlar çox vaxt nəticəyə baxır. Nə qədər yaxşı oynasan da, yaddaşlarda nəticə qalır. “Tottenhem”lə oyundan sonra hamı yaxşı oynadığımızı, razılığını bildirirdi. Təbii ki, bu da xoşdur, ancaq yaxşı oyunla bərabər nəticə də olsa, daha yaxşı olar. İkisi birlikdə artıq “Barselona” deməkdir (gülür). Misal üçün, biz ötən mövsüm Ukraynada “Dnepr”ə qarşı yaxşı oynamamışdıq, amma qələbə qazanmışdıq.
– Yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır? Gənclərə tövsiyən nədir?
– Çox çalışmaq, inanmaq və iradə nümayiş etdirmək. Ən əsası da şəxsi həyatına fikir verməkdir. Boş-boş şeylərə vaxt sərf etməməli, bütün diqqətini işinə yönəltməlisən.
– İndiyədək bir çox hücumçuya qarşı oynamısan. Hansına qarşı oynamaq sənə çətin və yaddaqalan olub?
– Tottiyə qarşı oynamaq çox çətin olub. İtaliyadakı oyunda onunla təkbətək mübarizə aparırdım. 0:4 hesabı ilə məğlub olmuşduq. Ona qarşı oynamaq çox çətin idi. Bugünədək qarşılaşdığım usta oyunçulardan biridir.