“Sabah” çox yaxşı, iddialı və potensiallı komandadır”

Bu gün Azərbaycan kubokunun final qarşılaşmasının oyunöncəsi mətbuat konfransları baş tutub. 

Allsport.az xəbər verir ki, “Qarabağ” baş məşqçisi Qurban Qurbanov “Sabah”la matç barədə fikrini açıqlayıb: 
“Mövsüm ərzində görülən işlərə, çəkdiyiniz əziyyətə görə peşəkar futbol liqasına təşəkkürümü bildirirəm. İşiniz o qədər də asan olmadı. Çox işlər gördünüz. Bəzən işin görünməyən tərəfləri də olur. Klublarla daim maraqlanmağınız sizin məsuliyyətinizdən xəbər verir. Oyuna gəldikdə isə deyə bilərəm ki, hamı üçün çox vacib oyundur. Final oyunları elədir ki, bütün klubları, onların azarkeşlərini, idman ictimaiyyətini bir yerə yığır. Sanki bayram ab-havasında keçir. Hər bir klubun azarkeşləri öz komandalarına azarkeşlik edir, lakin sabahkı oyunda neytral fanatlar da olacaq, hansı ki yaxşı futbola, maraqlı qarşılaşmaya baxmağa gələcəklər. Biz də klub olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərək. Kuboku qazanmaq komanda üçün əlavə prestijdir. Liqada çempion olmuşuq, çalışacağıq ki, kubokun finalında da həm yaxşı oyun göstərək, həm də yaxşı nəticə əldə edək. “Sabah” komandası çox yaxşı, iddialı və potensiallı komandadır, onlara qarşı oynamaq çox xoş olacaq. Hər iki komandaya uğurlar arzulayıram.”

Həmin kateqoriyadan