Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb

Martın 6–da “Şüa” İdman–Sağlamlıq Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb. Allsport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan və beş gün davam edən tədbirdə 1997-1999, 2000-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar qüvvəsini sınayıb.

Komanda–şəxsi xarakter daşıyan yarışlarda Bakı və regionlardan 100-dək idmançı iştirak edib.Bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə fiziki–mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, ölkəmizin idman nüfuzunun yüksəldilməsi, onun maddi–texniki bazasının inkişaf etdirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirilib ki, respublikada digər idman növləri ilə yanaşı, stolüstü tennis də inkişaf edir. Bu idman növünə uşaq və yeniyetmələrin maraq və həvəsi isə getdikcə artır.

Yarışda Qaradağ rayonunun Uşaq–Gənclər İdman Məktəbi, “Lokomotiv” İdman–Sağlamlıq Mərkəzi, “Neftçi idman klubu” İB–nin idmançıları ilə yanaşı, Sumqayıt, Şəki, Şirvan, Şabran və Salyan rayonlarından olan idmançılar qalib adı uğrunda mübarizə aparıblar.

Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü tennis Federasiyasının mükafatları ilə təltif olunublar.

Həmin kateqoriyadan