- Baxış sayı: 7
- 25 Noyabr 2024 10:40
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” komandasını hər 2 oyunda məğlub edərək ardıcıl 2-ci dəfə qrup mərhələsində iştirak etməyə haqq qazandı. Allsport.az xəbər verir ki, komandaya yaxşı və ya pis gündə dəstəyini əsirgəməyən klubun prezidenti Tahir Gözəlin böyük rolu var. O, klub saytına müsahibəsində “Yanq Boyz”la görüşləri, qrup mərhələsini, transferləri dəyərləndirib.
– “Yanq Boyz”la oyun barədə nə deyə bilərsiniz?
– Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə idi. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.
– Hər nə qədər möhtəşəm qarşılaşma olsa da tribunalarda boşluqlar gözə çarpırdı.
– Dünyada futbol 2 prinsip üzərində qurulub. Futbol sevgisi, emosiyanı, eşqini bildirən fanatlıq digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidir. Və təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – televizordan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidir. Ölkəmizdə isə sponsor demək olar ki, klubun tək gəlir qaynağıdır. Bu, əlbəttə “Qarabağ”ın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyirsək, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə, istəməklə olmur, hərəkətə keçmək lazımdır. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündür. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.
– “Qarabağ” müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdir, təbliğatdır. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?
– Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünisyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, “Yanq Boyz”un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiniz. Bizlə – “Azersun Holdinq”lə birlikdə işləsək, bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi” deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını, ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyası, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.
– Transferlərlə bağlı nə deyə bilərsiniz? İctimayyəti ən çox “Qarabağ”ın transfer gündəmi məşğul edib.
– Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev, ötən il “Qarabağ”ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı “Qarabağ”da qalır. Bizim üçün müqəddəs əmanətlərdir. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Hocamızın bir neçə futbolçu istəyi oldu. O futbolçuların “Qarabağ”a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odur ki, gələn futbolçu mütləq “Qarabağ”ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdur. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir pulun faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, “Qarabağ”a xeyir verməlidir. Qurban müəllim çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimizin arxasındayıq, ona inanırıq.
– Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiniz?
– İnşallah, 1-2 transferlə məqsədimiz, bu rəqiblərə çox çətin rəqib olmaqdır. “Monako”nun rəsmisi də bunu vurğulayıb ki, “Qarabağ” zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. İnşallah, mən hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticənin nə olmasından asılı olmayaraq bütün ölkə “Qarabağ”la qürur duyacaq.