Tahir Gözəl: Hədəfimiz yenə də qızıl medallardır

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” son turda AzAL üzərində qazandığı qələbədən (3:0) sonra çempionluq kubokuna və qızıl medallara qovuşdu. Tədbirdən sonra jurnalistlərə müsahibə verən ağdamlıların prezidenti Tahir Gözəl çempionluğu şərh etməklə yanaşı, komandanın gələcək planlarından söz açıb:

– Çempion olduğumuz üçün sevincliyəm. Sevincimizin həddi-hüdudu yoxdu. Amma bununla kifayətlənmək fikrimiz yoxdur. Növbəti mövsümdə yenə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəfimiz yenə də qızıl medallardır.

– Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq üçün hansı işlər görüləcək?
– Komandanın heyətinə baxanda fikirləşirəm ki, bugünkü “Qarabağ” ən güclü “Qarabağ”dır. Düzdür, vaxtımız da azdır. Ancaq biz Qurban Qurbanova dəstək olacağıq. Allaha şükür, buna gücümüz və imkanımız çatır. Qalan işlər isə məşqçilərə aiddi. Biz öz dəstəyimizi əsgəməyəcəyik.

– Azarkeşlər çempionluq kubokunun Ağdama aparılmasını tələb edir. Onların çağırışına cavabınız necə olacaq?
– Böyük məmnuniyyətlə bunu edəcəyik. Biz Bakıda rahat, qorxmadan yaşayırıq. Bunu da sərhəddə xidmət edən əsgərlərə borcluyuq. Mənim digər istəyim də ondan ibarətdi ki, sevincimizi gedib əsgərlərlə bölüşək. Belə bir arzumuz var. Ölkə kubokunun finalında sonra uyğun bir vaxtda sərhəddə gedib, xalqla sevincimizi bölüşəcəyik.

– Büdəcənin artırılması nəzərdə tutulub?
– Bizim büdcədə azalma olmayıb ki. Daima maliyyə durumumuz sabit olaraq qalıb. Baş məşqçiyə də demişəm ki, daha yaxşı futbolçuya ehtiyac olarsa, əlavə maliyyə dəstəyi verə bilərik.

Həmin kateqoriyadan