Tahir Süleymanov: Andorra ilə heç-heçədən sonra çətin ki, kimsə pulunu çölə ata

Keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun müsahibə verib. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, futbol mütəxəssisi həmkarımızla söhbətdə, gündəmdəki mövzuya toxunub, ümumi vəziyyyəti dəyərləndirib:

– Sizcə, hazırda Premyer Liqada oynamağa layiq cəmi 8 klubumuzun qalmasının əsl səbəbi yalnız maliyyə vəziyyətinin pisləşməsidir?
– Lisenziya beş maddədən ibarətdir, maliyyə isə həmin maddələrdən yalnız biridir. Amma ən əsas olan da maliyyədir. Lakin hər şey maliyyədən asılı olsaydı, indi AÇ-2016-ya Albaniya ilə İslandiya yox, Azərbaycan hazırlaşardı. Hansı ki, son on ildə futbolumuza yarım milyarda yaxın pul yatırılıb. Bu on ildə elə layihələr həyata keçirmək olardı ki, indi Premyer Liqada oynatmağa komanda axtarmazdıq. Hətta Robert Prosineçki də etiraf edib ki, çempionatın səviyyəsi çox aşağı düşüb.

– İndi 8 klubla çempionat keçirməliyik?
– Üzücü vəziyyətdir. Amma çempionatın startına hələ vaxt var. Çox şey dəyişə bilər. Klublarımızın avrokuboklardakı çıxışından sonrakı vəziyyətə baxarıq.

– Nə olacağını gözləyirsiniz ki?
– Sadəcə, hansı klubun necə çıxış edəcəyi bilinmir. Ola bilər ki, ona uyğun hansısa qərar qəbul olunsun. Ola bilər ki, hamısı yaxşı çıxış etsin. Eyni zamanda fiaskoya da uğraya bilərlər. Yaşayıb görərik. Mənə elə gəlir ki, hansı klubların kiçik də olsa, şansı varsa, onlar elitaya buraxılacaq. Çünki hətta bu səkkiz klub arasında da maliyyə vəziyyəti yaxşı olmayanlar var.

– 8 klubla çempionat keçirilsə, onun neçə dövrədən ibarət olmasını təklif edirsiniz?
– UEFA-nın qərarına görə, çempionat ən azı 8 klubdan ibarət olmaqla keçirilməlidir. Klublar kubok və çempionat oyunları da daxil olmaqla, mövsüm ərzində azı 30 oyun keçirməlidir. Amma mən yenə də deyirəm ki, 8 klubla çempionat keçiriləcəyinə inanmıram. Ümid edirəm ki, AFFA bəzi klublara güzəştə gedəcək. Çünki “Rəvan”ı da ötən mövsüm məhz belə güzəştlə elitaya buraxmışdılar.

– Bəs sizcə, niyə digər potensial sponsorlar Azərbaycan futboluna pul qoymaq istəmir?
– Bizim futbola inam yoxdur. Sponsorları indi futbola cəlb etmək çox çətindir. Andorra ilə heç-heçədən sonra çətin ki, kimsə pulunu çölə ata. Biznesmenlər bu işdə sadəcə, maraqlı deyil.

– Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümünə görə 4 il həbs cəzası almasını necə qarşıladınız?
– Mən həmişə qanunun tərəfdarı olmuşam. Bu məsələyə də Cavid Hüseynov prizmasından yox, ailə dağılması baxımından baxmaq istərdim. Jurnalist vəfat etdi. Digərləri 8-10 il cəza aldılar. Cavid də 4 il həbs cəzasına məruz qaldı. Bütün bunlar hamısı faciədir. Bu, həm də digərləri üçün özlərini cəmiyyətdə necə aparmalı olduqlarına dair bir nümunədir. Senzuranın olmaması hər nə gəldi deməyə əsas vermir. Bütün bunlar olmamalı idi. Amma əsas sual doğuran məsələ odur ki, həkimlər niyə cəzasız qaldılar?

Həmin kateqoriyadan